Fələstin nümayəndə heyəti Ədliyyə Nazirliyində
Nazir müavini V.Zahirov ölkəmizdə bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini, bələdiyyə assosiasiyalarının yaradıldığını, bələdiyyələrdə qadınların təmsilçiliyini, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakını vurğulayıb, bu sahədə GİZ ilə əməkdaşlığı qeyd edib.
Həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində, onlara metodiki yardımın göstərilməsində, bələdiyyə nümayəndələrinin maarifləndirilməsində Ədliyyə Nazirliyinin fəaliyyəti barədə qonaqlara geniş məlumat verilib.
Azərbaycana ilk dəfə səfər etmələrindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizin iqtisadi, mədəni və infrastruktur baxımından inkişafının şahidi olduqlarını söyləyib, yerli özünüidarə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər. Məhəmməd Əl-Cabarin Fələstində bələdiyyə institutunun fəaliyyətindən, qadınların bu sahədə aktiv iştirakının təmin olunmasından bəhs edib, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman görüşdə iştirak edib. Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.
AzVision.az
Teqlər: Fələstin Ədliyyə-Nazirliyi