BMT-nin gizli razılaşması – Verilən vədlər yalanmış

BMT-nin gizli razılaşması – Verilən vədlər yalanmış
  30 İyun 2018    Oxunub:3077
İyunun əvvəlində BMT-nin İnkişaf Proqramı və miqrasiya məsələləri üzrə Ali Komissarlığı ilə Myanma hökuməti arasında imzalanan əməkdaşlıq barədə üçtərəli memoranduma əsasən, ölkədən qaçıb Banqladeşə və sərhəd ərazilərə sığınan Rohinca müsəlmanlarının geri qayıtmasına rəsmən icazə verilib.
Bu memorandumun imzalanması “Rohinca müsəlmanlarının öz seçimlərinə uyğun olaraq doğma məskənlərinə könüllü, təhlükəsiz və davamlı qayıdışının təmin edilməsi üçün şərait yaradılması istiqamətində” Myanma hökuməti tərəfindən atılan ilk addımdır.

Lakin ötən gün aydın olub ki, BMT ilə Myanma hökuməti arasında bağlanan və mətni hələ də ictimaiyyətdən gizlədilən bu sənəddə heç də Arakanlı müsəlmanların hüquqlarının tam bərpası nəzərdə tutulmayıb.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, üçtərəfli memorandumun mətnində “geri qayıdanlar mövcud qanun və qaydalara müvafiq şəkildə, Rakhayn ştatında Myanmanın bütün digər vətəndaşlarının malik olduğu hərəkət azadlığından istifadə edə biləcəklər” bəndi göstərilib.



Bununla da bəlli olub ki, BMT-nin Myanma hökumətilə imzaladığı sənəd Rohinca müsəlmanlarının Myanmanın Rakhayn ştatının hüdudlarından kənarda sərbəst gəzintisinə zəmanət vermir.

Eyni zamanda, memorandumda qaçqınlar konkret olaraq “Rohincalılar” yox, “geri qayıdanlar” adlandırılıb. Həmin qaçqınların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, yalnız münasib olanların isə vətəndaşlıq əldə edə biləcəkləri müəyyənləşib.

Rohinca müsəlmanlarının liderləri ölkə ərazisində sərbəst gəzmək və tam vətəndaşlıq hüququna dair zəmanət verilməsə, Myanmaya geri dönməyəcəklərini bəyan ediblər.

Məsələ ilə bağlı BMT-nin mətbuat katibi isə bildirib ki, onun vəzifəsi “aşkara çıxan sənədləri şərh etmək deyil.”



Qeyd edək ki, əhalisinin əksəriyyəti buddistlərdən ibarət olan Myanmada hökumət ordusu 2017-ci ilin yayında müsəlman azlıqların yaşadığı Arakan (Rakxayn ) vilayətinə hücum edərək, Rohincalılara qarşı qırğınlar törətmiş, kəndləri yandırmışdılar. Arakan Rohinca Qurtuluş Ordusu (Arsa) da öz növbəsində Myanmanın hökumət qüvvələrinə qarşı silahlı müqavimət göstərmişdi.

Arakandakı qırğınlar nəticəsində minlərlə Rohica müsəlmanı qətlə yetirilib, 600 mindən çoxu isə qonşu Banqladeşə qaçıb, yaxud sərhəd əraziyə sığınıblar. Myanma tərəfi bildirib ki, ordu Rohinca “terrorçularına" qarşı döyüşür və etnik təmizləmə aparmaları ilə bağlı iddialar yalandır.

BMT-nin hesabatına əsasən, Rohincalılar dünyada ən çox təqib olunan və şiddətə məruz qalan etnik azlıqdır. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir, çünki Rohinca müsəlmanlarını Banqladeş və digər qonşu ölkələrdən gələn qeyri-leqal miqrantlarlar hesab edirlər. Bir çox ölkələrin mövqeyinə görə, Rohinca müsəlmanlarına qarşı baş verənlər soyqırımdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti