Enerji sektorunda özəlləşdirməyə ehtiyac var – TƏHLİL

  05 İyul 2018    Oxunub : 8081
Enerji sektorunda özəlləşdirməyə ehtiyac var – TƏHLİL
Ölkənin elektrik enerjisi ilə təminatı iqtisadiyyatın təhlükəsizliyinə aid ən vacib məsələdir. Hər bir varlığın və hərəkətin kökündə enerji dayandığı kimi, iqtisadiyyatın da əsasında enerjiylə təminat durur. Odur ki, iqtisadiyyatı inkişafda olan hər bir ölkədə elektrik enerjisi istehsalı fasiləsiz artmalıdır. Onun dayanıqlı olması isə ümumiyyətlə, ən vacib məsələdir.
Azərbaycanda elektrik enerjisi istehsalının keçən il aşağı düşməsi əslində, ciddi siqnal idi. Qeyd edim ki, Azərbaycanda 2017-ci ildə 21,8 milyard kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 20,2 milyard kVt/saatı istilik elektrik stansiyaları, 1,6 milyardvkVt/saatı isə su elektrik stansiyalarının payına düşüb. Bu da 2016-cı ilə nisbətən 0,9 milyard kVt/saat yaxud 3,97% az olub. Su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması keçən ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqələndirilib.

Bu ilin aprel ayında isə “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 milyard kV/saat olub. Bu da, ötən ilin aprel ayı ilə müqayisədə 4,37% azdır. Belə ki, sözügedən rəqəm 2017-ci ilin aprel ayında 1,738 milyard kV/saat təşkil edib.

Yeri gəlmişkən, 2016-cı ildə Azərbaycanda elektrik stansiyaları 23,07 milyard kilovatt/saat elektrik enerjisi istehsal etmişdi ki, bu, 2015-ci ilin göstəricisindən 0,8% çox olub. Bu da su elektrik stansiyalarının hesabına olub. Belə ki, 2016-cı ildə istehsal olunan əmtəə elektrik enerjisinin ümumi həcmindən 20,06 milyard kilovatt/saatı istilik elektrik stansiyalarının payına düşüb ki, bu, 2015-ci ildəki göstəricidən 1 faiz az, su elektrik stansiyalarında isə 1,91 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub ki, bu rəqəm 1 il əvvəlki göstəricidən 24,1% çox təşkil edib.

Elə buradan aydın olur ki, ölkədə istilik elektrik stansiyaları üzrə istehsalda vəziyyət qənaətbəxş deyil. Loru dildə desək, yağıntı çox olarsa, su elektrik stansiyaları üz ağardacaq, yoxsa yox... Məsələ bundadır ki, ölkənin elektrik enerjisiylə təminatının da 90%-dən çox hissəsi istilik elektrik stansiyalarının payına düşür.

Ümumiyyətlə, bu gün ölkəmizin enerji sisteminin əsasını irili-xırdalı 10-dan çox su, 13 istilik elektrik stansiyası təşkil edir ki, bunların da toplam gücü təqribən 7,1 min meqavatdan çox edir. Buna 2005-ci ildən bəri sözügedən sahədə görülən işlər nəticəsində 40% artım əldə edilməklə nail olunub. Ancaq, generasiya güclərinin istehsal etdiyi elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsi nöqteyi-nəzərindən yanaşsaq, inkişaf etmiş ölkələrə çatmağımız üçün enerji sistemimizin gücünün 10 min meqavatdan yuxarı qalxması tələb olunur. Buna nail olmaq mümkündür, amma yalnız o halda ki, bizdə də enerji istehsalı ilə istehlakında səmərəlilik iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevrilsin.

Tarif Şurasının qərarı ilə 2016-cı il iyulun 15-dən elektrik enerjisinin qiyməti 1 kilovat-saat üçün 7 qəpik müəyyən ediləndə göstərilirdi ki, əsas məqsəd enerji təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlığını təmin etmək, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığını azaltmaq və perspektiv inkişafıdır. Üstəlik, qeyd olunurdu ki, tarif tənzimlənməsindən sonra əldə ediləcək gəlirlər müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına və sairəyə xidmət edəcək. Etdimi? Xeyr...

Əlbəttə, qiymətlərin artmasının əleyhinə deyiləm. Yeri gəlmişkən, elektrik enerjisi tarifləri 2016-cı ilədək sonuncu dəfə 2007-ci ildə artırılmışdı. Yəni, buna qədər digər ölkələrdə qiymətlərin böyük faizlərlə artmasına baxmayaraq, Azərbaycanda sabit saxlanılıb. Sözsüz ki, 10 ildə qiymətlər dəyişməz olaraq qalmamalı idi. Lakin bu, çıxış yolu deyil. Çıxış yolu olsaydı, "Azərenerji" ASC SOCAR-a borclu qalmazdı və bu məsələ həllini birdəfəlik tapardı.

Ümumiyyətlə, enerji istehlakında səmərəliliyə nail olmaq təkcə yığımı maksimum təşkil etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Bəli, ölkədə istehlak olunan enerji resurslarını 45-50%-dək azaltmaq mümkündür. Ancaq, bunun çox hissəsini istehsal xərclərini azaltmaqla əldə etmək olar. Bizdə isə məsələyə hər dəfə başqa cür yanaşılır. Belə ki, istehsalda səmərəliliyə nail olmaq dedikdə dərhal tariflərə diqqət çəkilir. Halbuki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq lazımdır.

Digər bir məsələ: generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından, xərc ödənilməlidir. Ancaq sual yaranır ki, bütün bunlar dövlət büdcəsindən alınan vəsaitlər və eyni zamanda, dövlət zəmanəti ilə verilən kreditlər hesabına həyata keçirilirsə, paralel olaraq ölkədə enerji istehlakından yığım səviyyəsi də yaxşıdırsa, necə olur ki, sistemdaxili borclar yaranır?!

2015-ci ilin fevralın 10-da Prezidentin müvafiq Sərəncamı ilə “Azərişıq” ASC yaradıldı. “Azərenerji” ASC tərəfindən istehsal olunan elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti adı çəkilən quruma ötürülməklə, onun balansındakı istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan bütün əmlak və avadanlıqlar “Azərişıq”a verildi. Bu, alqışa layiq, islahata dair ilk addım idi. Amma ölkədə ümumən enerji istehsalı və istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda özəlləşdirilmə də aparılmalıdır. Çünki bilavasitə dövlətin gücü hesabına istehsal 10, yaxud, 20 min meqavata çatdırılsa da, xeyri yoxdur. Generasiya layihələri investisiyalar nəticəsində reallaşdırıldığından, istehsal xərci ödəməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji sektorundadır. Odur ki, özəlləşdirmə məsələsinə ciddi yanaşmaq lazımdır.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: Energetika