Fransa Azərbaycana silah və hərbi texnika sata bilər

  10 İyul 2018    Oxunub : 10939
Fransa Azərbaycana silah və hərbi texnika sata bilər
“Uzun illərdi idi ki, Azərbaycanla Fransa arasında hərbi əməkdaşlıq yox idi. Qondarma erməni “soyqırımı”nı əsas gətirən Fransa Azərbaycana silah və texnika satmırdı. Son illərdə isə Fransanın Azərbaycanla hərbi-texniki sferada əməkdaşlıq münasibətlərində yumşalma müşahidə olunur”.
Bunu AzVision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov bildirib.

Eksperin sözlərinə görə, artıq rəsmi Paris Azərbaycan üçün hərbi şirkətlərinin qapılarını açıb: “Fransa şirkətləri Azərbaycanla mütəmadi əlaqə saxlayır. Hərbi texnikaların və müəyyən avadanlıqların Azərbaycana satılması sahəsində görüşmələrə başlayıblar. Burada söhbət Fransa hərbi sənayesində əhəmiyyətli yer tutan şirkətlərdən gedir. “Naval Group”un Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə hərbi gəmilərin inşası ilə bağlı görüşlər olub. Onlar Azərbaycana OPV-90 gəmilərini təklif ediblər. “ECA Robotics” şirkəti isə sualtı mina təmizləmə, kəşfiyyat avadanlıqları, “MBDA Systems” şirkəti isə hava hücumundan müdafiə və sahil mühafizə raket sistemlərini təklif edib”.



Hərbi ekspert bildirib ki, sentyabr ayında Bakıda keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində Fransa şirkətləri geniş formatda təmsil olunacaq. R.Süleymanov qeyd edib ki, sərgiyə “MBDA Systems”, CİFAL Group, “Naval Group”, “Airbus Defense”, “Etienne Lacroix”, “Nexter Systems”, “Proengin”, “Thales” və digər şirkətlər qatılacaqlar.

“Bundan əvvəlki sərgilərdə 2-3 şirkət iştirak etmişdi. “Thales” bir neçə ildir ki, ölkəmizdə ofisin açıb. Azərbaycanın mülki aviasiya sistemində AZANS aeronaviqasiya sisteminin qurulmasını həyata keçirib. Müdafiə sahəsində də bu şirkət bir neçə layihə üzrə görüşmələri davam etdirir. “Safran Group”un tərkibinə daxil olan "Vectronix" şirkətindən optik cihazların əldə edilməsi mümkündür. Bir sözlə, Fransa şirkətləri Azərbaycanla çoxsahəli əməkdaşlıq sahəsini götürür. Hərbi sənaye böyük biznesdir, yaxşı pul gətirir. Fransızlar da baxırlar ki, onlar satmadığı təqdirdə, digər ölkələr Azərbaycanın böyük silahlanma proqramlarından pay alırlar. Ona görə də çalışırlar ki, Azərbaycan üçün də qapıları açsınlar. Bundan başqa Almaniya da Azərbaycanla bağlı müəyyən addımlar atmağa başlayıb. Embarqoların yumşaldılması müşahidə olunur. Məlum olduğu kimi, Mərkəzi Avropa ölkələrindən Çexiya, Slovakiya, Polşa öz şirkətlərinə Azərbaycana silah satmaqla bağlı qadağa tətbiq etmirlər. Həmçinin İtaliya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı nəzərdə keçirir”.



R.Süleymanov qeyd edib ki, Fransanın bir sıra məhsulları ölkəmizin diqqətini cəlb edə bilər: “Bunlardan biri aviasiya vasitələridir. Fransanın “Dassault” şirkətinin istehsalı olan “Rafale” döyüş təyyarələrini göstərmək olar. Bunlar çox bahalı təyyarələrdir. Lakin dünyada son illər keçirilən tenderlərdə bu təyyarələrin rəqiblərini üstələməsi diqqət çəkir. Eləcə də “Airbus” şirkətinin helikopterlərinə maraq var. “Nexter Systems” şirkəti müxtəlif növ mərmilər, haubitsalar istehsal edir. Bu haubitsalar Azərbaycanın artilleriya qoşunlarının marağında ola bilər. Onların “Caesar” haubitsaları dünyada özünü doğruldub. Bildiyim qədər ADEX sərgisində fransız şirkətləri tərəfindən NBC avadanlıqları, müxtəlif kəşfiyyat sistemləri Azərbaycana təqdim olunacaq”.



Hərbi ekspertin fikrincə, bütün bunlar onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əsas gətirib Azərbaycana embarqo tətbiq edən Qərbi Avropa ölkələrinin növbəti mərhələdə embarqolarının yumşalması müşahidə olunacaq.

“Bu siyahıya Böyük Britaniya, Norveç, İsveç kimi ölkələrində də qoşulması gözlənilir. Məndə olan məlumata əsasən, artıq ABŞ-ın böyük hərbi sənaye şirkətləri də Azərabaycana qarşı embarqonun yumşaldılması istiqamətində müəyyən fəaliyyətlər yürüdürlər. Fransa Minsk qrupunda təmsil olunur. Ermənistanla çox yaxşı əlaqələri var. Azərbaycanla da sıx əlaqələri mövcuddur. Bu, o deməkdir ki, artıq Azərbaycanın hərbi diplomatiyası cəbhədə olduğu kimi hərbi-texniki sferada da ermənilərin müxtəlif fəaliyyətlərinə zərbələr endirir, onları neytrallaşdırmağa başlayıb. Yaxın perspektivdə Fransa, İtaliya və digər ölkələrdə istehsal olunan silahlar Ordumuzun arsenalında nümayiş etdiriləcək. “Polonez”, “Dana” artilleriya sistemləri düşməni necə şok vəziyyətinə salmışdısa, bu silahlar da erməniləri o vəziyyətə salacaq".



Anar Kəlbiyev
AzVision.az

Teqlər: Fransa   Silah   Texnika