Azərbaycan gömrüyü yeni inkişaf mərhələsində - “Yaşıl dəhliz” nədir?

Azərbaycan gömrüyü yeni inkişaf mərhələsində - “Yaşıl dəhliz” nədir?
  14 İyul 2018    Oxunub:13023
Bu gün Azərbaycan gömrüyü yeni inkişaf mərhələsini yaşayır. Hansı ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu.
Başlanan işin davamı olaraq Ümummilli Lider Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdə tarixi nitq söyləyir. Həmin çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirdi. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində inkişaf etmiş gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib və ən nəhayət gömrük işini nizama salan normativ hüquqi baza yaradılıb. Bu gün Dövlət Gömrük Ximəti Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının yaradılması, korporativ şəbəkənin genişləndirilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində də bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirir. Bir sözlə Azərbaycanda müasir tələblərə cavab verən gömrük sistemi yaradılıb və təkmilləşdirmə işləri davam edir. İndi komitənin həyata keçirdiyi bir sıra yenilikləri nəzərdən keçirək.

Elektron gömrük sistemi

Hazırda Gömrük Komitəsi vətəndaşlara 14 elektron xidmət təqdim edir. GUAM və digər ikitərəfli əməkdaşlıq platformaları çərçivəsində elektron imzanın tanınması ilə bağlı addımlar atılır. Yaxşı xəbərlərdən biri də budur ki, elektron imzanın tanınması gələcəkdə biznesə böyük töhfə verəcək. Rəqəmsal ticarət qovşağı Azexport genişlənməkdədir. Tranzitlə bağlı Avropa İttifaqının tranzit nəzarət sistemi STS layihəsi icra olunur. Elektron TİR layihəsi isə tamamlanmaqdadır. Bu layihə icra olunduqdan sonra kağız kabinetlər yığışdırılacaq və xidmət tam elektron qaydada təqdim olunacaq.



Mobil Gömrük

Gömrük Komitəsi sahibkarlar üçün sms xidmətin tətbiqinə başlayıb. Gömrük nəzarəti və rəsmiləşməsinin müəyyən mərhələlərində tətbiq olunur. Bu xidmətdə mal sərhəddən daxil olanda sahibkarlar artıq bildiriş əldə edirlər. Amma bu layihənin məqsədi bir-iki prosesi əhatə etmək deyil. Gömrük rəsmiləşməsinin bütün istiqamətləri üzrə operativ bildirişlərin sahibkarlara çatdırılmasıdır. Bununla sahibkar biləcək ki, deklarasiyası haradadır, hansı inspektorun icraatındadır, həmin inspektor kimdir, onunla necə asan əlaqə yaratmaq olar. Yəni bəyannamənin taleyini müəyyən etmək üçün gömrük orqanına mütləq gəlmək lazım deyil. Bu gün Gömrük Xidmətinin yanaşması bundur. Ona görə bu layihə üzərində işlənilir və Mobil Gömrük genişləndirilir. Hər hansı bir şəxs bir dəfə belə kommersiya fəaliyyəti həyata keçirirsə gömrük reyesterində avtomatik qeydiyyata düşür. Yəni bu xüsusi hüquqi prosedur deyil. Bu baxımdan xidmətdən yararlanmaq asandır, avtomatik olaraq sahibkarların mobil nömrələrinə sms-lər avtomatik olaraq göndərilir. Bunun üçün heç bir ödəniş tələb olunmur.

“Yaşıl dəhliz” nədir?

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə təsdiq edilib. Məqsəd gömrük rəsmiləsdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, elektron sistemin imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir. Burada nəzərdə tutulmuş risk qiymətləndirilməsi və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslər məmur-sahibkar təması olmadan elektron sistem vasitəsilə həyata keçirilir.

“Yaşıl dəhliz” – əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.



“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir. Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanının əməkdaşlarını məlumatlandırmaqla, gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qeydiyyat əməliyyatları yerinə yetirildikdən sonra öz mallarını və nəqliyyat vasitələrini gömrük sərhəd buraxılış məntəqəsindən gömrük ərazisinə keçirir.

“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməklə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük ərazisinə buraxılış zamanı və gömrük ərazisinə buraxıldıqdan sonra fiziki yoxlanılmadan azaddır. Amma “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən idxalatçılar və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri ilə bağlı dövlətin iqtisadi maraqlarına və təhlükəsizliyinə təhdid yaranması və onlara zərər vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, xarici ölkələrin gömrük və digər səlahiyyətli orqanlarından, habelə beynəlxalq təşkilatlardan gömrük orqanına konkret faktlarla əlaqədar müraciətlər (məlumatlar) daxil olduqda və ya belə faktların mövcudluğuna dair gömrük orqanlarında əsaslı şübhə olduqda, həmin mallar və nəqliyyat vasitələri barədə yoxlamalar keçirilə bilər.

Ümumən götürdükdə "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqi sayəsində idxal-ixrac əməliyyatları sadələşdirilib, bu da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasınının sürətləndirilməsində mühüm rol oynayır. Biznes nümayəndələri artıq "Azexport" portalı və "Asan xidmət" vasitəsilə də gömrük xidmətlərindən yararlanır, eləcə də hazırda 25 xarici iqtisadi fəaliyyət iştirakçısı "yaşıl dəhliz" buraxılış sistemindən istifadə edir. Bundan başqa qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatının metodologiyası əsasında Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan "Gömrük-sərhəd keçid məntəqələrində sərhədkeçmə vaxtının ölçülməsi" layihəsi də yükdaşımaların sürətləndirilməsində mühüm rol oynayır. “Yaşıl dəhliz” buraxılış sisteminin gömrük-biznes əməkdaşlığı üçün mühüm addımdır. Bu gün "Yaşıl dəhliz" statusu almış şirkətlərin sayı 50-ni ötüb.


Digər buraxılış sistemləri

“Yaşıl dəhliz”dən başqa mavi, sarı, qırmızı dəhliz kimi anlayışlar da var ki, bu da artan risk ehtimalına uyğun olaraq sıralanır.

“Mavi dəhliz”: Bu əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılışından sonra gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Sarı dəhliz”: Əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqəsindən keçirilən malların və nəqliyyat vasitələrinin, məlumatların, elektron və ya kağız daşıyıcıda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatların (şəhadətnamələrin), mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin mövcudluğunun və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanmasını və gömrük nəzarəti formalarının tətbiqini nəzərdə tutan buraxılış sistemidir.

“Qırmızı dəhliz”: Əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.


Gömrük və Media

Bir müddət öncə Dövlət Gömrük Komitəsi junralistlər üçün seminar keçirdi. Həmin seminarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev komitənin iş prinsipinin media ilə açıq və şəffaf əməkdaşlıq etmək üzərində qurulduğunu bəyan etdi. Gömrük xidmətinin ancaq sərhəd keçid məntəqələrində 5 milyon 400 min insana xidmət göstərdiyini qeydən S. Mehdiyev bildirdi ki, media əməkdaşlarının gömrük xidməti orqanlarının fəaliyyəti ilə yaxından tanış olmasını istəyir. Çünki bu ilk növbədə cəmiyyət üçün əhəmiyyətlidir. Həqiqətən həmin seminar bütün tərəflər üçün faydalı oldu. Həmin seminarda komitə rəsmilərinin çox maraqlı hesab etdiyim təkliklərini sizlərlə bölüşmək istəyirəm.

Milli bir pəncərə sistemi

Gömrük sistemində, sərhəd buraxılış məntəqələrində, vergi sistemində, ASAN Xidmətdə və.s-də bir pəncərə sistemi var. Yəni dövlət qurumlarında çoxlu bir pəncərə sistemləri var. Əslində bu çox böyük bir işdir. Amma bəlkə indi bütün qurumlar üçün milli bir pəncərə sisteminə keçilməlidir? Ən azı xarici iqtisadi fəaliyyətlə bağlı milli bir pəncərə sisteminə keçid üçün vaxt yetişib. Bunu olmasında Gömrük Komitəsidə maraqlıdır. Bunlar komitə rəsmisini söylədikləridir.

Ticarət xərcləri necə azaldılmalıdır?

İkinci maraqlı məsələ komitənin ticarət xərclərini azaltmaqla bağlı təklifləridir. Hazırda ən böyük sual budur. Gömrük Komitəsinin strateji yanaşması budur ki, sadəcə gömrük prosedurlarının sadələşdirilməsi deyil, ticarət zənciri üzrə - kommersiya, nəqliyyat, qanunvericilik, bank əməliyyatları ilə bağlı bütün prosedurları vahid yanaşma çərçivəsində sadələşdirilməsi tələb olunur. Bunun üçün Ticarətin Asanlaşdırılması sazişinin müddəaları prioritet qaydada icra olunmalı, beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayırılmalıdır.

Azərbaycan gömrüyü daim inkişafda

Yekun olaraq onu qeyd edək ki, bu gün gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində durmadan iş aparılır. Bu işdə xüsusilə üç amilə diqqət yetirilir: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bunların hər biri inkişafı zəruri edən amillərdir. Bu sahədə uğurlar var və komitənin yeni rəhbərliyi böyük uğurlar üçün daim səy göstərir.

Məqalə “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

AzVision.az


Teqlər: Gömrük   Yaşıl-Dəhliz  





Xəbər lenti