Şeyx İtaliya prezidenti ilə görüşüb
Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu vurğulandı, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı qeyd edildi. Allahşükür Paşazadə Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa olunur və yeniləri inşa edilir. Bu işə dövlət fəal dəstək verir. Ölkəmizdə bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb və dini abidələrə xüsusi qayğı ilə yanaşılır.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşündən məmnunluğunu vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün ardıcıl işlər görülür.
Prezident Sercio Mattarella İtaliyanın Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini yüksək qiymətləndirdiyini xüsusi vurğuladı, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliyanın dəstəklədiyini dedi.
Görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
AzVision.az