“Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu

  20 İyul 2018    Oxunub : 9434
“Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun ermənilər tərəfindən zəhərlənməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Roman adlı həkimi onun yaxın qohumuna məlumat verib.

"Qohumum Ağamalı Nəbiyev BQXK-nın Roman adlı həkimi ilə telefon əlaqəsi saxlayıb. Həkim ona atamın zəhərləndiyini, bu səbəbdən məktub yaza bilmədiyini deyib. Mən bunu sonradan bildim. Ağamalı yenidən Roman həkimlə əlaqə saxladı. O, bu dəfə özünün dediklərini təkzib etdi. BQXK-ya müraciət etdik. Cavab verdilər ki, atam ailəsinə məktub yazmaqdan imtina edib. Biz buna inanmırıq. Atamın sağ olub-olmadığına əmin deyiləm. Əgər atam zəhərlənməyibsə, vəziyyəti yaxşıdırsa, onun videogörüntülərini bizə təqdim etsinlər", - deyə K.Əsgərov vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar Məmmədov
AzVision.az

Teqlər: Kəlbəcər-girovu   Dilqəm-Əsgərov   Girov