Saxta sənədlərlə Azərbaycana keçmək istədilər - FOTOLAR

  07 Avqust 2018    Oxunub : 4589
Saxta sənədlərlə Azərbaycana keçmək istədilər - FOTOLAR
Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alıb.
DSX-dan AzVision.az-a verilən xəbərə görə, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilən yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.



Bundan başqa, iyulun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və dərinləşdirilən yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılan şəxsin Palistan İslam Respublikasının vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.



İyulun 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib.



Avqustun 6-da “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan Respublikasının dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub. Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.



AzVision.az

Teqlər: DSx   Sxata-sənəd