Qaxda antik dövrə aid abidə aşkarlandı - FOTOLAR
Qıpçaqtəpə abidəsi dörd hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Müvafiq arxeoloji kəşfiyyat sahələrində aparılmış tədqiqat nəticəsində abidənin mədəni təbəqələri müəyyənləşdirilib və üst təbəqələrdən madd-mədəniyyət nümunələri kameral şəkildə işlənilib. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı hazırlanıb.
İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə, şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərb istiqamətində genişləndirdiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali “Sarı pir” adlanan hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.
Qıpçaqtəpə abidəsinin qərbindəki “Sarı pir” qəbristanlığına da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərindəki yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.
Zərnə kəndindəki ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb.
Tədqiqat mövsümündə Qax rayonu ərazisindəki ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.
AzVision.az