Ailələri Kəlbəcər girovlarından cavab gözləyir

Ailələri Kəlbəcər girovlarından cavab gözləyir
  11 Sentyabr 2018    Oxunub:1373
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyevə ailəsi tərəfindən məktub göndərilib.

Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, bir neçə aydır Şahbazdan cavab məktubu ala bilmirlər.
“Dünən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bizi məktub yazmaq üçün çağırmışdılar. Qardaşımın adına məktub yazdıq. Bizə bildirdilər ki, bu ay ərzində məktubumuz Şahbaza çatacaq”.

Digər kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasından məktub ala bilmədiyini söyləyib: “Atama dəfələrlə məktub yazmışıq, amma cavab gəlməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin zəngini gözləyirik. Onlar vasitəsi ilə atam haqqında hansısa məlumat ala bilərik. Hələki məlumatsız qalmışıq”.

Qeyd edək ki, BQXK nümayəndələri sonuncu dəfə avqust ayında Kəlbəcər girovlarına baş çəkiblər.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kəlbəcər   Girov  





Xəbər lenti