Yaponiyadakı tufanda 70 nəfər xəsarət alıb

Yaponiyadakı tufanda 70 nəfər xəsarət alıb
  01 Oktyabr 2018    Oxunub:2263
Yaponiyanın cənub-qərbində “Trami” tufanı güclü küləyə səbəb olub. Yaponiyada “24 nömrəli” adlandırılan tufan artıq əsas ada hesab olunan Hönşüyə də çatıb.
Osaka və Miyazaki prefekturaları daxil olmaqla 10 prefekturada 100 mindən çox insan təxliyə olunub.

Güclü külək nəticəsində çox sayda insanın xəsarət aldığı bildirilir. Tufanın keçdiyi Okinava və Kaqoşima prefekturalarında 74 nəfərin xəsarət aldığı, Miyakocima prefekturasında isə bir nəfərin itkin düşdüyü barədə məlumatlar yayılıb.

Küləyin sürətinin rekord həddə çatacağı barədə xəbərlər var. Sinoptiklər əhaliyə açıq havaya çıxmamağı məsləhət görürlər. Yüz minlərlə evin elektrik enerjisiz qaldığı bildirilir.

“JR Nishi Nihon” dəmir yolu şirkəti Yamaquçi prefekturasında Sanyo xətti boyunca qatarların hərəkətini dayandırıb. Dəmir yolu xəttinin torpaq sürüşməsi nəticəsində bağlandığı bildirilir. Bununla yanaşı, aviaşirkətlər bazar günü minlərlə daxili reysi təxirə salıblar. Aviaşirkətlər sərnişinlərdən məlumat almaq üçün onların veb-saytlarını izləməyi xahiş edirlər.

Bazar günü axşam saat 5-dən sonra Tokiodan Şin-Osakaya gedən sürətli “Şinkansen” qatarlarının hərəkəti də dayandırılıb. Şin-Osaka ilə Hiroşima arasında hərəkət edən sürətli qatarların da dayandırıldığı bildirilir.

Paytaxt Tokioda yerli xətlərdə qatarların hərəkəti axşam saat 8-dən sonra dayandırılıb, stansiyalar və marketlər bağlanıb.(Azərtac )


Teqlər: Yaponiya  





Xəbər lenti