Azərbaycan İtaliyadan daha 15 ədəd təlim-döyüş təyyarəsi alacaq

  09 Oktyabr 2018    Oxunub : 2426
Azərbaycan İtaliyadan daha 15 ədəd təlim-döyüş təyyarəsi alacaq
Azərbaycan İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı ridus.ru portalı yayıb.

Qeyd olunub ki, Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın Leonardo şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb.



Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti olub.



Hazırda İtaliya HHQ-nin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb. Azərbaycan da “Leonardo Aircraft” şirkətinin müştəriləri arasındadır və Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ilin mayında Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan yeni nəsil M-346 təyyarəsini nümayiş etdirib. Lakin o vaxt Azərbaycanın İtaliyadan neçə təyyarə aldığı açıqlanmamışdı.



İndi Rusiya mənbələrində göstərilir ki, Azərbaycan “Leonardo” şirkətindən 10 təyyarə alıb və daha 15 təyyarə sifariş verib. Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir.



Məqalədə qeyd olunub ki, “Leonardo” şirkətinin Azərbaycana satdığı və satmağa hazırlaşdığı təyyarələrin neçəsinin təlim-məşq, neçəsinin təlim-döyüş təyinatlı olduğu məlum deyil: “Ancaq ehtimal edilir ki, bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlı olacaq. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: İtaliya   Azərbaycan   Təyyarə