“Paşinyan papağını qabağına qoyub düşünməlidir” - ŞƏRH

“Paşinyan papağını qabağına qoyub düşünməlidir” - ŞƏRH
  10 Oktyabr 2018    Oxunub:1742
Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli çıxış edib. Ölkə başçısı bildirib ki, münaqişənin tənzimlənməsi prosesində heç bir zaman ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq:
"Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır", - deyə prezident vurğulayıb.

Ölkə başçısının Qarabağ münaqişəsi ilə bağlı çıxışını AzVision.az-a şərh edən millət vəkili, politoloq Elman Nəsirovun fikrincə, prezidentin sözləri bir daha təsdiq edir ki, münaqişənin tənzimlənməsi ilə bağlı məsələlərdə heç bir format dəyişikliyindən söhbət gedə bilməz:

“Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra dəfələrlə çıxışlarında qeyd etmişdi ki, danışıqlar prosesində qondarma “Dağlıq Qarabağ Respublikası” da tərəf kimi iştirak etməlidir. Hətta o, BMT Baş Məclisinin 73-cü sessiyasında çıxışı zamanı beynəlxalq ictimaiyyəti aldadaraq belə bir mövqe ortaya qoymuşdu ki, guya Azərbaycanın Dağlıq Qarabağa ərazi iddiası var. Elə bu səbəbdən də ərazi iddian varsa, ərazi iddian olan tərəflə danışığa getməlisən. Halbuki Azərbaycanın Dağlıq Qarabağa heç bir ərazi iddiasından söhbət gedə bilməz. Dağlıq Qarabağ bizim tarixi, əzəli, hüquqi torpağımızdır. Bu torpağa iddiası olan Ermənistandır. Amma beynəlxalq ictimaiyyətin gözünə kül üfürərək tamamilə hər şeyi tərsinə təqdim etmişdi. Bu məsələlərlə bağlı ölkə başçısı dəfələrlə qeyd etmişdi ki, belə yanaşma qəbuledilməzdir. Münaqişə Azərbaycan və Ermənistan arasındadır. Heç bir halda qondarma rejim danışıqlarda tərəf kimi iştirak edə bilməz. Elə bu səbəbdən də Nazirlər Kabinetinin toplantısında dövlət başçısı bir daha vurğuladı ki, danışıqlar yalnız və yalnız Azərbaycan və Ermənistan arasında aparılıb, aparılır və bundan sonra da aparılmalıdır”.

E.Nəsirov hesab edir ki, Ermənistan münaqişənin həllinə töhfə verməlidir: “Dövlət başçısı çıxışında qeyd etdi ki, biz Paşinyan hökumətindən münaqişənin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe gözləyirik. Belə bir mövqenin olması münaqişənin həlli üçün imkanlar aça bilir. Bu olmayacağı təqdirdə, hadisələr sözün həqiqi mənasında mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Ona görə də hesab edirəm ki, ölkə başçısının bu çıxışı Ermənistan tərəfindən də diqqətlə öyrənilir, izlənilir və araşdırlılacaq. Onlar bilməlidirlər ki, fərqli yanaşmalar, münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqelərin ortaya qoyulması nəticə etibarı ilə bütövlükdə sülh prosesinə arxadan zərbə ola bilər. Bütün danışıqlar prosesinin dayanmasına gətirib çıxara bilər.

Danışıqların olmayacağı yerdə hər zaman alternativ variant müharibə olub. Hesab edirəm ki, Aprel döyüşləri də Ermənistan üçün ciddi dərs olmalıdır ki, bir döyüş Ermənistanın hərbi potensialının hansı səviyyədə olduğunu üzə çıxardı. Bu səbəbdən də apreldən sonra Ermənistanın hərbi rəhbərliyində çoxsaylı generalların istefası baş verdi. Ermənistan tərəfi papağını qabağına qoyub düşünməlidir ki, konstruktiv mövqe ilə çıxış etsin, substantiv danışıqlara getsin və münaqişənin həlli prosesinə konkret töhfələr versin”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev   Qarabağ  





Xəbər lenti