Casus qalmaqalı böyüyür - Rusiya nota verdi

  09 Noyabr 2018    Oxunub : 1774
 Casus qalmaqalı böyüyür - Rusiya nota verdi
Avstriyanın Moskvadakı səfiri casus qalmaqalı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, avstriyalı diplomata etiraz notası təqdim olunub.

"Avstriya Rusiya ilə birbaşa təmasa keçməz əvəzinə mətbuat vasitəsilə sensasion məlumatlar yaymağa başlayıb. Ortada sübut olmadan irəli sürülən iddia ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə səbəb olub" , - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin sabiq polkovniki 20 il ərzində Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs olunub. Avstriyanın Müdafiə Nazirliyi bəyan edib ki, casusluqla məşğul olaraq məlumatları Rusiyaya ötürən sabiq polkovnikin bu fəaliyyətinin üstünü hərbi əks-kəşfiyyat və beynəlxalq əməkdaşlıq sayəsində açmaq mümkün olub. Lakin Rusiyanın Avstriyadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Avstriya KİV-lərinin məlumatına əsasən, casus polkovnik Avstriya hərbi hava qüvvələri, artilleriya sistemləri, ölkədəki miqrant böhranı, həmçinin, Avstriyanın yüksək rütbəli hərbçilərilə bağlı məlumat toplayaraq Moskvaya ötürməklə məşğul olub.

Avstriyanın baş naziri Sebastian Kurts jurnalistlərə açıqlamasında deyib ki, Rəsmi Vyana Avstriya ordusunun sabiq polkovnikinin Rusiyaya casusluq etməsilə bağlı vəziyyətə aydınlıq gətirməsi üçün Moskvadan şəffaf informasiya tələb edir.

“İndi biz Rusiya tərəfindən şəffaf informasiya tələb edirik. Rusiyanın səfiri, daha doğrusu, hazırda Avstriyada olmadığından onun səlahiyyətlərini icra edən şəxs Xarici İşlər Nazirliyinə çağırılıb”, - Kurts vurğulayıb.

Azvision.az

Teqlər: Avstriya   Rusiya   Casus