Aqrar Tədqiqatlar Mərkəzi təqdim olundu - FOTO

  19 Noyabr 2018    Oxunub : 868
Aqrar Tədqiqatlar Mərkəzi təqdim olundu - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı əsasında yaradıldığını bildirib. Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrların bir araya gəldiyini deyən şöbə müdiri yeni qurumun aqrar sahənin “beyin mərkəzi” rolunu oynayacağına ümidvar olduğunu bildirib.



Mərkəzin direktoru Pərviz Hacıyev bildirib ki, Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Bundan başqa ATM əməkdaşları dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər. Pərviz Hacıyev Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən elektron kənd təsərrüfat informasiya sisteminin hazırlanması artıq başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, bu sistemin yaradılması aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir.



Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov bildirib ki, Mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması da daxildir. Bu sistem əsasında aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi mümkün olacaq. Toğrul Cəfərov deyib ki, beynəlxalq ekspertlərin iştirakı ilə proqram və layihələrin hazırlanması, aqrar sahənin strateji planlaşdırılması və elmi tədqiqat işlərinin aparılması da nəzərdə tutulur.



Mərkəzin direktor müavini Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan dövlət proqramları barədə məlumat verib. O bildirib ki, heyvandarlığın inkişafına dair Dövlət Proqramının ilkin layihəsi hazırlanıb, bundan başqa taxılçılığın inkişafına dair Dövlət Proqramı üzərində iş davam edir. Namiq Şalbuzov aqrar sahəyə dair məlumatların toplanaraq təhlil edilməsinin vacibliyini qeyd edib və bu təhlillər əsasında aparılacaq araşdırmaların praktik tətbiqinin kənd təsərrüfatının inkişafında böyük rol oynayacağını bildirib. Tədbirdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.





Azvision.az

Teqlər: KTN