Prezident ədliyyə işçilərini və hakimləri təbrik etdi

  22 Noyabr 2018    Oxunub : 606
Prezident ədliyyə işçilərini və hakimləri təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə işçilərinə və hakimlərə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli ədliyyə işçiləri və hakimlər! Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.

Azərbaycanda ədliyyə sisteminin intibahı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılmışdır.

Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında yeni hakim korpusu formalaşdırılmış, ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuşdur. Son illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, müasir məhkəmə kompleksləri inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir.

Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər".

Azvision.az

Teqlər: İlham-Əliyev   Ədliyyə   Məhkəmə