Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür

Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
  11 Dekabr 2018    Oxunub:1643
Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.
Azvision.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 9 dekabr - Beynəlxalq antikorrupsiya günü ərəfəsində Malayziyanın inzibati mərkəzi olan Putracaya şəhərində korrupsiyaya qarşı mübarizədə səylərin birləşdirilməsi rəmzi mənasını daşıyan və təmiz əli təsvir edən “Korrupsiyaya yox” heykəlinin açılış mərasimi təşkil olunub. Qətər dövlətinin dəstəyi ilə quraşdırılan və sayca üçüncü olan həmin heykəl 2016-cı ildə Cenevrədə, ötən il isə Vyanada ucaldılıb.

Mərasimdə Malayziyanın Baş naziri Mahathir Məhəmməd, Qətərin Əmiri Təmim bin Həməd Al Tani, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuriy Fedotov iştirak ediblər. Ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov IAACA-nın vitse-prezidenti kimi xüsusi qonaq qismində həmin tədbirə qatılıb. Mərasimdən əvvəl ədliyyə naziri Qətərin Əmiri, Malayziyanın Baş naziri və BMT-nin yüksək təmsilçisi ilə görüşüb.

Sonra nazir Qətər əmirinin təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Antikorrupsiya təltifinin təqdimat mərasimində iştirak edib. Tədbirdə korrupsiya ilə mübarizədə innovativ təcrübələrin tətbiqinə, fundamental elmi təhlillərin aparılmasına və gənclərin antikorrupsiya tədbirlərində iştirakına görə ucaldılmış heykəli təcəssüm edən təltiflər təntənəli təqdim olunub.

Elə həmin günlərdə Putracaya şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə təşkilatın fəaliyyətinə dair mühüm mövzular, xüsusilə Assosiasiyanın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun perspektiv proqramı, maliyyə və digər təşkilati məsələlər müzakirə olunub.

İclasda F.Məmmədov tərəfindən çıxışlar edilərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, o cümlədən Azərbaycan brendi olan ASAN xidmətin yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verilib, müzakirə olunan məsələlərə dair bir çox təkliflər irəli sürülüb və yekdilliklə qəbul olunub.

Həmçinin, IAACA Konstitusiyasının yeni redaksiyası razılaşdırılıb və gələcək tədbirlər müəyyən olunub, o cümlədən korrupsiya ilə mübarizədə zərər çəkmiş şəxslərə dəstək göstərmək üçün IAACA-nın xüsusi maliyyə fondunun yaradılması qərara alınıb.

Tədbirdə ölkəmizin beynəlxalq antikorrupsiya fəaliyyətində yaxından iştirakı, təşkilatın inkişafına və antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə verdiyi mühüm töhfələr təqdir olunub.

Eyni zamanda, ölkəmizdə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi ilə əlaqədar iclasda video və foto slaydlar ilə müşayiət olunan xüsusi təqdimat keçirilib. Ədliyyə naziri Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və o zaman qəbul edilən mütərəqqi demokratik qərarlardan, habelə ölkəmizin bugünkü nailiyyətlərindən danışıb. Xüsusilə Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə qayğısından bəhs edilib, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatları barədə məlumat verilib. Bu sahədə ölkəmizin uğurlarının BMT, Avropa Şurası, Dünya Bankı, Beynəlxalq Qızıl Xaç Komitəsi və s. mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunması, o cümlədən Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülməsi qeyd olunub, mütərəqqi nailiyyətlərimizin beynəlxalq aləmdə növbəti etirafının təzahürü olaraq Azərbaycan nümayəndəsinin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti vəzifəsinə yenicə seçilməsi vurğulanıb.

Çıxış zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri iştirakçıların xüsusilə diqqətinə çatdırılıb.

Təqdimatdan sonra IAACA İcraiyyə Komitəsinin üzvlərinə Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunan xatirə rəmzləri təqdim olunub.

Səfər çərçivəsində Azərbaycan ədliyyə naziri tərəfindən bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb.

Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev iştirak edib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti