Prezidentin fərmanı ilə əlaqədar “ASAN-Xidmət”də İşçi Qrup yaradılıb

 Prezidentin fərmanı ilə əlaqədar “ASAN-Xidmət”də İşçi Qrup yaradılıb
  18 Yanvar 2019    Oxunub:7253
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 17 yanvar 2019-cu il tarixli fərmanından irəli gələn müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə İşçi Qrup formalaşdırılıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir: "Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq. Qeyd edim ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi tapşırılıb. Bununla da, “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevriləcək".



Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti