Muxtarov məscidi İlham Əliyevin şəxsi yardımı hesabına bərpa edilib

  25 Yanvar 2019    Oxunub : 2314
Muxtarov məscidi İlham Əliyevin şəxsi yardımı hesabına bərpa edilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür.
QMİ-dən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışında iştirak edəcək.

1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcəkdir. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A. Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Azvision.az

Teqlər: