“Ölkədə mühasibat uçotu düzgün qurulmayıb” - Deputat

  18 Fevral 2019    Oxunub : 707
 “Ölkədə mühasibat uçotu düzgün qurulmayıb” - Deputat
"Vergilərin ödənilməsi mühasibat uçotunun düzgün aparılmasından asılıdır. Bu gün Azərbaycanda müshasibat uçotu düzgün qurulmayıb".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov "Vergilər. Şəffaflıq. Inkişaf" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, “Mühasibat uçotu” haqqında qanuna dəyişiklik olsa da, ölkə üzrə mühasibat uçotu normal səviyyədə aparılmır.

“Mühasibat uçotunun düzgün qurulması vergi yığımına təsir edən amillərdəndir. ƏDV-nin differansiallaşdırılması ilə bağlı ciddi adımlar atılmayıb. Buna böyük ehtiyac var. İstərdim ki, ƏDV-nin differansiallaşdırılması ilə əlaqədar məsələyə baxılsın və təkliflər versin. Yeni Vergi Məcəlləsinin yaradılmasına ehtiyac var. Çünki Vergilər Məcəlləsində lüzumsuz və bir-birini təkzib edən maddələr var”.

Deputat rəqabət mühitinin yaradılmasını xüsusi vurğulayıb. “Sahibkarın inkişafı üçün normal mühit yaradılsa, orada ciddi problem yoxdur. Azərbaycanda inhisarçılığın tamamilə aradan qaldırıldığını və sahibkarın istənilən işlə məşğul olmasını deyə bilmərik. İqtisadiyyat Nazirliyindən Rəqabət Məcəlləsini təqdim edilməsini istərdik. Bu Məcəllənin qəbul edilməsi müəyyən qədər sahibkarların fəaliyyət göstərməsi üçün imkan yaradacaq. Sahibkarlara mane olan ikinci məsələ məhkəmə sistemidir. Azərbaycanın məhkəmə sistemi sahibkarları müdafiə etmir. Sahibkarların məhkəmə sisteminə müraciətinin 90 faizi onların əleyhinə cavabla nəticələnir. Məhkəmə sisteminin yenidən qurulması və şəffaflığın təmin edilməsi sahibkarlığın inkişafına kömək edəcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Vergi   Deputat