Sahil Mühafizəsinin yaradılmasının ildönümü qeyd olunub - FOTOLAR
Məruzəçi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dəniz sərhədlərimizin mühafizəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlər haqqında ətraflı məruzə edib. Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Komandan tərəfindən regionumuzda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə qaldırıldığını bildirib.
Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası»nın icrası üzrə yaradılmış DSX Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”ndə inşa edilmiş 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinə baxış məqsədilə 8 dəfə DSX-nin Sahil Mühafizəsinin bazasında olması dəniz sərhədlərinin mühafizəsi məsələlərinə verilən xüsusi önəmin, bu sahəyə göstərilən ali diqqətin konkret təzahürləri olması qeyd edilib, bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanlarının xeyli genişlənməsi, dəniz sərhədlərimizin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələrin əldə olunması xüsusi vurğulanıb.
2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən «Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya» nın imzalanması dəniz sərhədlərimizin mühafiziəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaradıb. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev ideyalarına sədaqətin əsgərləri olan Azərbaycan sərhədçilərinin Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü xidməti-döyüş fəaliyyətlərində qazanılmış yüksək nailiyyətlərlə qarşılayacağına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin etimadını yeni nailiyyətlərlə doğruldacaqlarına əminliyini bildirib.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib. Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa ediblər.
Azvision.az
Teqlər: DSX