Azərbaycanda yeni medal təsis edildi

  19 Fevral 2019    Oxunub : 1360
 Azərbaycanda yeni medal təsis edildi
“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı təsis olunub.

Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.
Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Medal