Prezident bir sıra görüşlər keçirib - FOTOLAR (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub. Görüşdə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirdi. Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini dedi.
Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladan dövlətimizin başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirdi. Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğuladı. Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktorunun Davosda Prezident İlham Əliyev ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirdi. Mersi Tembon Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını dedi. Prezident İlham Əliyev xanım Kristalina Georgiyevanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Dünya Bankının baş icraçı direktoruna çatdırılmasını xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd etdi. Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğuladı. O, Avropa İttifaqının əsas maliyyə strukturu olan bu bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd etdi. Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə etdi.
Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirdi. Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident