Azərbaycan Türkmənistan qazı üçün şərtləri açıqladı

 Azərbaycan Türkmənistan qazı üçün şərtləri açıqladı
  20 Fevral 2019    Oxunub:3261
"Cənubi Qaz Dəhlizi" çərçivəsində Türkmənistan qazının Avropaya nəql edilməsi nəzərdən keçirilə bilər.
Azvision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Cənubi Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, dəhliz vasitəsilə qazın nəql edilməsi üçün qazı təhciz edəcək ölkə və qazı alacaq ölkələr arasında müəyyən razılaşma olmalıdır. Bu razılaşmalar olarsa, "Cənubi Qaz Dəhlizi" bu cür təkliflərin nəzərdən keçirilməsinə hazırdır.

Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger isə deyib ki, Türkmənistan nümayəndə heyətinin Məşvərət Şurasında iştirakı Aşqabadın "Cənubi Qaz Dəhlizi"nə marağını nümayiş etdirən siqnaldır. O, vurğulayıb ki, Azərbaycan təbii qaz hasil edən ölkədir və eyni zamanda təchizat xidmətləri də göstərir.

"Azərbaycan və Avropa İttifaqı Türkmənistan qazının nəqli ilə bağlı təkliflərini edib. Əgər Türkmənistan qazını Trans-Xəzər Boru Kəməri ilə nəql etməkdə maraqlı olarsa, bununla bağlı qərar qəbul edə bilər. Həmin layihəyə sərmayə qoyulmalıdır. Bununla bağlı qərar Aşqabaddakı hökumətə bağlıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qaz   Türkmənistan  





Xəbər lenti