Xocalı sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək

Xocalı sakinlərinə pulsuz hüquqi yardım göstəriləcək
  25 Fevral 2019    Oxunub:1874
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın əvvəlində 26 fevral – Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azvision.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Xocalı soyqırımı qurbanları və onların ailələrinə Vəkillər Kollegiyası üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı təklif səsləndirib, yekdilliklə qərar qəbul edilib.

Bundan başqa, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbula dair son vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi barədə iclas iştirakçılarına məlumat verib.

İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının və vəkil qurumlarının inzibati binalarında, fərdi qaydada və ya vəkil kabinetlərində fəaliyyət göstərən vəkillərin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarının təsdiq edilməsi məsələlərinə baxılıb, o cümlədən Vəkillər Kollegiyasına aid əmlakın, möhürlərin və vəkillik fəaliyyəti ilə bağlı digər sənədlərin təhvil-təslim edilməsi üçün “Təhvil-Təslim Komissiyası”nın yaradılması barədə qərar qəbul edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 14.02.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Kərimov “Fəxri Fərman”la təltif edilib.

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Azvision.az


Teqlər: Vəkillər-Kollegiyası   Xocalı  





Xəbər lenti