Xocalıda şəhid olan polislərin ailə üzvlərilə görüş keçirilib
Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı İsmət Əliyev işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib.
Qeyd olunub ki, bu il “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının daxili işlər orqanları əməkdaşlarının da ailə üzvlərinə şamil olunması ali diqqət və qayğının bariz nümunəsidir.
Nazir müavini xüsusilə vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır.
Aparılan uğurlu beynəlxalq siyasət nəticəsində daha çox dövlət, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini soyqırım kimi tanımağa başlayır, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirir, erməni millətçilərinin törətdikləri qətliamı şiddətlə qınayır və qəti şəkildə pisləyirlər.
Nazir müavini İ.Əliyev daxili işlər naziri və DİN-in Kollegiya üzvləri adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini deyib. Şəhid ailələri adından danışan Gövhər Fətəliyeva və Qalina Hacıyeva onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Azvision.az