Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

  27 Fevral 2019    Oxunub : 888
Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Sen-Östaş kilsəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində erməni silahlı qüvvələrinin 613 dinc azərbaycanlı sakini amansızlıqla qətlə yetirdiyini bildirib. Səfir deyib: “Tarixdə nadir faciədir ki, onun müəllifi - Serj Sarkisyan açıq şəkildə bu soyqırımının törədilməsində birbaşa əli olduğunu britaniyalı jurnalist Tomas dö Vala müsahibəsində etiraf edib”.

Rəhman Mustafayev Xocalı faciəsinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün ən qanlı səhifəsi olduğunu vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas məqsədi dünya birliyini Xocalı faciəsi haqqında məlumatlandırmaq, erməni silahlı qüvvələrinin cinayətini pisləmək və bu faciənin siyasi və hüquqi qiymətləndirilməsinə nail olmaqdır. Xocalı soyqırımının qurbanlarının xatirəsi üçün bu beynəlxalq kampaniya böyük əhəmiyyət kəsb edir. Bənzər faciələrin təkrar olunmaması üçün belə cinayətlər cəzasız qalmamalıdır.

Xocalıya ədalət!” kampaniyası nəticəsində bir çox ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 22 ştatı Xocalı faciəsini “kütləvi qırğın” və “bəşəriyyətə qarşı cinayət” adlandırıb. Avropa Şurası Parlament Assambleyası Xocalı soyqırımını pisləyən bəyanat qəbul edib və digər beynəlxalq təşkilatları bu faciəyə hüquqi qiymət verməyə çağırıb.

Səfir Fransanın da bu faciəyə laqeyd qalmayacağına və Xocalı şəhərində törədilmiş cinayətlərə siyasi və hüquqi qiymət verəcəyinə ümid etdiyini bildirib. O, Fransada fəaliyyət göstərən və rəhbərləri azərbaycanlı olan 10 assosiasiyanın Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona məktub ünvanladıqlarına görə təşəkkürünü bildirib. Fransanın dəstəyinə güvənildiyi qeyd edilib.

Rəhman Mustafayev azərbaycanlı qaçqınlar və məcburi köçkünlər haqqında da danışıb. Parisin Orli aeroportunda erməni Varajan Qarbidcanın törətdiyi terrordan söz açıb. Bu terrorçunun azad olması üçün 1 milyon imza toplandığını və terrorçunun azad edilməsində maraqlı olan insanların ölkəmizlə qonşuluqda yaşadıqlarını bildirib. Fransa cəmiyyətini terror və genosid törədənləri dəstəkləyən ölkəni günahsız qurban kimi təqdim edən erməni lobbisinin siyasətinə göz yummamağa səsləyib.

Səfir insan hüquqlarından bəhs edən Avropanı bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüququna laqeyd qalmamağa çağırıb.

Sonra Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib. Etibar Əsədov (piano) və İmamyar Həsənov (kamança) Azərbaycan xalq mahnıların, Səid Rüstəmovun, Hacı Xanməmmədovun, Fikrət Əmirovun, Cahangir Cahangirovun və Əli Səliminin əsərlərini səsləndiriblər. Qeyd edək ki, erməni aktivistlər Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa çalışsalar da buna nail ola bilməyiblər.

Azvision.az

Teqlər: Fransa   Paris