“Əgər Zurabişvili Bakıya xoş niyyətlə gəlibsə...” - Politoloq şərh edir

  “Əgər Zurabişvili Bakıya xoş niyyətlə gəlibsə...”  -  Politoloq şərh edir
  27 Fevral 2019    Oxunub:2453
“Azərbaycanda olan Gürcüstan prezidenti isti bəyanatlar verir. Söyləyir ki, Gürcüstanın bütün prezidentləri Azərbaycana dost olublar və mən də bu ənənəni davam etdirəcəyəm. Bizim də istəyimiz budur ki, Gürcüstan Azərbaycana dost qalsın, strateji tərəfdaşlıq davam etsin”.
Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərini Azvision.az-a şərh edərkən deyib.

Politoloq qeyd edib ki, son bir ayda Gürcüstan tərəfindən atılan addımlar Azərbaycanda müəyyən suallar doğurur: “Bəlli olduğu kimi bu addımlar Salome Zurabişvilinin prezident seçilməsindən sonra baş verib. Birincisi, erməni separatçısı, Xocalı soyqırımında əli olan bir baş kəsənə abidə qoyuldu və rəsmi Tbilisi buna reaksiya vermədi, normal hal kimi qəbul etdi. İkincisi, Rusiya ilə İsveçrədə aparılan danışıqlarda Abxaziyadan keçməklə Ermənistana dəmiryolu açılması müzakirə olunur və bu müzakirələr başa çatmaqdadır. Üçüncü məsələ isə Azərbaycan qazının bahalı olması səbəbindən Rusiyadan qaz alma məsələsinin qaldırılmasıdır. Əlbəttə, bunlar Gürcüstanın daxili işidir. Amma məsələ ondadır ki, hansısa erməni baş kəsəninə abidə qoyulursa, anlamalıdırlar ki, bu Azərbaycanda narazılıq yaradacaq. Azərbaycan qazının baha olması ilə bağlı iddia isə yalandır. Çünki SOCAR açıqlama yaydı ki, ən ucuz qaz Gürcüstana verilir. Düşünürəm ki, səfər zamanı bu məsələlər qaldırılacaq və aydınlıq gətiriləcək. Çünki Azərbaycanı narazı salan addımların atılması Gürcüstanın özünə müəyyən problemlər yarada bilər”.

E.Şahinoğlu hesab edir ki, Gürcüstan Azərbaycan əleyhinə olan addımlardan çəkinməlidir: “Bir səfərlə bütün problemlər həll olunmayacaq. Əgər Zurabişvili xoş niyyətlə Bakıya gəlibsə və təkrar edirsə ki, dostluğu davam etdirmək istəyir, biz buna hazırıq. Sadəcə real addımlar atmaq lazımdır. Real addımlar açıqlamalara zidd olarsa, münasibətlərdə yenə müəyyən problemlər yarana bilər”.

“Bəzi gürcü rəsmiləri düşünür ki, Azərbaycanla Ermənistan arasında balanslı xarici siyasət yürütmək olar. Amma anlamalıdırlar ki, Azərbaycan və Ermənistanı tərəzinin bir gözünə qoymaq olmaz. Azərbaycanla əməkdaşlıqdan Gürcüstan və əhalisi qazanır, faydalanır. Bəs Ermənistanla əməkdaşlığın hansı faydaları var? Heç nə. Əksinə bəzi erməni qüvvələr Gürcüstanda separatçılığı dəstəkləyir. Amma Gürcüstanın müdafiə naziri Ermənistana səfər edib, orada hərbi əməkdaşlıqdan danışırsa, bu bizdə haqlı suallar doğurur. Ümid edirəm ki, bu suallara səfər çərçivəsində cavab alınacaq”, - deyə E.Şahinoğlu vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Gürcüstan   Zurabişvili   Səfər  





Xəbər lenti