Gürcüstan prezidenti: “Münaqişələr hər iki ölkənin faciəsidir”

     Gürcüstan prezidenti:    “Münaqişələr hər iki ölkənin faciəsidir”
  28 Fevral 2019    Oxunub:1964
"Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtidir"
Azvision.az xəbər verir ki, bunu ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevin adından onun şərəfinə verilən rəsmi ziyafətdə deyib.

Gürcüstan Prezidenti bildirib ki, bugünkü səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir: “Azərbaycanın böyük tarixi şəxsiyyətini – Əli bəy Hüseynzadəni xatırlamaq istərdim. O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir. Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi. Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir”.

S.Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayıb: “Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq”.

Gürcüstan Prezidenti hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirib: “Bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər. Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır. Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün bizim regionda sabitliyin və sülhün qorunub saxlanılması olduqca vacib məsələdir. Hamımıza daha çox investisiya, tərəfdaş, turist, bazarlar lazımdır, bütün bunların hamısı isə bizim sabitliyimizdən asılıdır”.

S.Zurabişvili Azərbaycan ilə Gürcüstanın mədəniyyət sahəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Ölkələrimizin sənaye sahəsində də sıx əməkdaşlıq etdiklərini bildirən Gürcüstan Prezidenti deyib: “Unutmayaq ki, neft sənayesinin tarixi bizim regionun əmin-amanlıq tarixidir. Onu yeni üslubda oxumaq və dünya üçün təqdim etmək millətlərimizə ancaq xeyir gətirəcək və yalnız münaqişələr prizmasında görünən regionumuz haqqında səhv təsəvvürləri dəyişəcəkdir.

Mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər”.

Prezident ölkələrimizin paytaxtları arasında da fəal mübadilələr aparıldığını qeyd edib: “Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır. Məsələn, ətraf mühitin qorunması. Çünki Qafqazın bioloji cəhətdən şaxələnmiş flora və faunasını qorumaq məhz bizim öhdəmizə düşür. Bunun üçün həm beynəlxalq təşkilatlarda, həm dünya konfranslarında fəal olmalıyıq. Gənclərin bu istiqamətdə məsuliyyətini artırmaq, yeni yanaşmaları tətbiq etmək çox səmərəli birləşdirici amilə çevrilə bilər”.

Gürcüstan Prezidenti bildirib ki, ölkələrimizdə yaşayan etnik gürcülər və azərbaycanlılar bizi daha da yaxın edirlər. S.Zurabişvili ölkələrimizin bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb: “Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtidir. Dünya qarşısında onun nadirliyini qorumaq bizim borcumuzdur”.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti