Azərbaycanda geoloji parklar yaradılacaq
Azvision.az -ın məlumatına görə, bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik edilir. Qanuna yeni – XI-I fəsil əlavə edilir.
Geoloji parkların əsas vəzifələri aşağıdakılardır:
1. Geoloji və təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq,
2. Turizm və rekreasiya üçün şərait yaratmaq,
3. Elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək,
4. Təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək,
5. Əhalini maarifləndirmək,
6. Geoloji monitorinqi həyata keçirmək,
Geoloji parkların ərazilərində onların təbii geoloji xüsusiyyətləri nəzərə alınaraq, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:
1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar,
2. Geoturizm və rekreasiya zonaları, Geomuzeylər və tədris-məşğələ obyektləri zonaları,
3. Geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istihsalat zonaları.
Qanunun qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Anar Kəlbiyev
Azvision.az