Kreditlərlə bağlı inqilabi addım - Əhalinin probleminə son qoyuldu

    Kreditlərlə bağlı inqilabi addım   - Əhalinin probleminə son qoyuldu
  01 Mart 2019    Oxunub:4563
Bu gün Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzaladı. Ölkə başçısının qərarı ilə 900 minə yaxın vətəndaşı narahat edən kredit probleminə birdəfəlik son qoyuldu.
Prezidentin növbəti humanist addımı kimi tarixə düşəcək bu fərman həm də inqilabi xarakter daşıyır və ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yanaşma sistemli, əhatəli, əhalinin maraqlarını nəzərə alan və sosial yönümlüdür. Ölkə başçısın imzaladığı fərman vətəndaşların üzləşdiyi problemlərin daim diqqət mərkəzində olmasından xəbər verir.



"Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmanın birinci hissəsindən məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan 450 min Azərbaycan vətəndaşı yararlanacaq. Əgər vətəndaş xarici valyutada olan krediti tam ödəyibsə, onun ödədiyi əlavə vəsait geri qaytarılacaq. Fərmanın ikinci hissəsindən isə 10 min ABŞ dolları və ya 17 min manatadək kredit götürmüş, onu 360 gündən artıq müddətdə geri qaytarmayan 400 mindən çox insan yararlanacaq. Bu siyahılar tam dəqiqləşdiriləcək. Prezidentin fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Fərmanın dairəsinə 900 minə yaxın insan düşür", - deyə Vüsal Qasımlı məlumat verib.



Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Azvision.az -a bildirib ki, kredit probleminin həlli tarixi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, dünya ölkələrində belə bir təcrübə mövcud deyil.

“Cənab Prezidentin seçki platformasında bu məsələlər nəzərdə tutulmuşdu. Regionlarda keçirilən minə yaxın görüşlərdə insanların problemləri dinlənilib, qeydlər götürülmüşdü. Təbii ki, ölkə başçısı kreditlərlə bağlı məsələni daim nəzarətdə saxlayırdı, araşdırılması üçün ciddi tapşırıqlar vermişdi. Nəticədə, vətəndaşların ali hüquqlarını təmin edərək, onların problemlərinin həllinə qərar verdi. Digər ölkələrdə belə bir təcrübə mövcud deyil. Çünki, ölkə başçısının apardığı siyasətdə vətəndaşların maraqları daim nəzərə alınır. Hesab edirəm ki, bu fərman inqilabi hesab olunmalıdır ki, on minlərlə insanın sevincinə səbəb oldu”



Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi.

“Əslində son günlərdə imzalanan fərmanların ardınca Azərbaycan Prezidenti yanında sosial problemlərin həllilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi. Şübhəsiz ki, bu mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi. Problemli kreditlər 1 milyard dollardan çox məbləği əhatə edirdi. Onun həll olunması üçün optimal variant tapmaq lazım idi. İmzalanan fərmanla aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənlməsilə bağlı qərar qəbul edilib. Dövlət problemin həllilə bağlı məsuliyyətin və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. İki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhvə verəcək”.

Deputatın sözlərinə görə, bu fərman təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhvə deyil, eyni zamanda ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə stimul yaradan addımdır.

“Bu prosesdən həm vətəndaş, həm də banklar qazanır. Atılan addımı banklarla vəyəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var”



Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikrincə, prezident növbəti dəfə sübut etdi ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verir.

“Kreditlərlə bağlı problemlər insanları ciddi narahat edirdi. Dəfələrlə bu məsələ barədə təkliflər irəli sürülmüş, Milli Məclisdə çıxışlar edilmişdi. Sözsüz ki, problem ölkə rəhbərliyinin diqqətində idi. İnanırdıq ki, minlərlə insanı sevindirəcək qərar qəbul ediləcək. Nəticədə cənab Prezident humanist addım ataraq, hamımızın ürəyincə olan fərman imzaladı. Ölkə başçısı növbəti dəfə sübut etdi ki, o, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xüsusi əhəmiyyət verir. Dünyada gedən iqtisadi böhran, neftin qiymətinin aşağı düşməsi fonunda belə bir addımın atılması çoxlarına mümkünsüz görünürdü. Amma Prezident uğurlu siyasət aparmaqla əhalinin daha bir problemini həll etdi. Bundan sonra banklar da aşağı faizlərlə kredit verməlidir ki, insanlar bir daha belə problemlər yaşamasınlar”.



Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək:

- 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞdolları) kimi;

- 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.


Fərmanın tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Prezident   Dollar   Kredit  





Xəbər lenti