“Ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq” - Baş nazirin müavini

 “Ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq” -  Baş nazirin müavini
  02 Mart 2019    Oxunub:2571
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərərgahında rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Azvision.az -ın məlumatına görə, müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməyə başlayıb və bunun əsasında sosial sferada mühüm tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, 2019-cu ildə Prezidentin verdiyi bir sıra sərəncamlarla ölkəmizdə insanların sosial həyatının yaxşılaşdırılması üçün çox ciddi işlər görülür:

"Bu il Azərbaycan tarixində əhəmiyyətli il kimi yadda qalacaq. Çünki bir sıra sahələrdə irəliləyişlər əldə olunacaq. Bu ilin başlanğıcından vacib sərəncamlar imzalanıb və insanların sosial həyatlarının yaxşılaşması əsas hədəf seçilib. Əmək haqlarının artırılması vacib addım idi. Digər sosialyönümlü qərarlar da bu qəbildən alqışlanan addım idi".

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda həyata keçirilən işlərin mərkəzində insanların həyatının yaxşılaşması durur: "Geniş sosial proqramların genişlənməsi prezidentin iqtisadi islahatlarla bağlı apardığı islahatların öz bəhrəsini verdiyini göstərir. Bunun nəticəsində büdcəyə çoxlu vəsaitin daxil olması sosial xarakterli artımların olmasına şərait yaratdı. Azərbaycanda həyata keçirilən islahatlar daha da şaxələnməklə yeni sahələri əhatə edəcək. Sosial sferada həyata keçirilən islahatlar bunla yekunlaşmayacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq".

Ə.Əhmədov qeyd edib ki, xalq sosial siyasəti aydın şəkildə görməlidir: "Bilməlidir ki, dövlətin siyasətinin mərkəzində hər zaman xalqın rifahı dayanır. Dərin islahatlar dövlətin qüdrətini artırmaq məqsədinə yönəlməklə yanaşı, əhalinin sosial baxımdan rahat yaşamalarına şərait yaradır".

Qeyd edək ki, müşavirə daha sonra mətbuata qapalı keçirilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Müşavirə  





Xəbər lenti