Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq

Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq
  04 Mart 2019    Oxunub:3353
Qızılca əleyhinə vaksinlər artıq Azərbaycana gətirilib.
Bu barədə Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkəyə daxil olan 160 min dozada vaksinin şəhər və rayonlar üzrə bölgüsü aparılır: "Səhiyyə nazirinin əmrinə əsasən, yaxın günlərdə 20-40 yaşlı insanlar arasında təmizləyici immunlaşdırma tədbirləri başlanılacaq. Vaksin Bakı şəhəri üzrə tibb müəssisələrinə çatdırılıb və hazırda innovasiya təchizat mərkəzi tərəfindən respublikanın digər şəhər və rayonlarına vaksin çatdırılır”.

A.Əliyeva vurğulayıb ki, 2-3 gün ərzində immunlaşdırma tədbirlərinə başlanılacaq və əhali yaşadıqları ünvan üzrə polklinikalara müraciət edərək peyvənd oluna bilərlər.

Direktor müavini qeyd edib ki, ötən ilin sonunda 55 nəfər, bu ilin 2 ayı ərzində isə 150-ə yaxın insan qızılca xəstəliyinə yoluxub. O, vurğulayıb ki, qızılcaya yoluxma halları əsasən böyükyaşlı insanlarda müşahidə edilir.

Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qızılca  





Xəbər lenti