Əfv Komissiyasının üzvü: “Bütün müraciətlərə ayrı-seçkilik edilmədən baxılıb”

     Əfv Komissiyasının üzvü:    “Bütün müraciətlərə ayrı-seçkilik edilmədən baxılıb”
  16 Mart 2019    Oxunub:2902
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı ölkə başçısının mərhəmətinin, humanizminin təzahürüdür"

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycanda indiyədək ümumilikdə 65 əfv sərəncamı imzalanıb: "Ölkə başçısı İlham Əliyev 2003-cü ildən bu günə qədər 35 əfv sərəncamı imzalayıb. Əfv sərəncamları nəticəsində 5 mindən artıq şəxs cəzadan azad edilib. 4500 nəfərdən artıq şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu, onun təzahürüdür ki, Azərbaycan Prezidenti öz vətəndaşının qayğısına qalır. Hətta onlar ciddi xətalara yol versələr belə, həmin şəxslərin vaxtından əvvəl azadlığa çıxma şansını tanıyır. Bu şanslardan biri də məhz əfv institutunun mütəmadi tətbiq edilməsi ilə bağlıdır. Dövlət başçısı humanizm, mərhəmət prinsiplərini əsas götürərək əfv sərəncamlarını imzalayır".

Komissiya üzvü əlavə edib ki, budəfəki əfv sərəncamının ən böyük özəlliklərindən biri müxtəlif mətbuat orqanlarında adları hallanan 52 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsidir:

"Bu, həm də yerli hüquq müdafiəçilərinin - Novella Cəfəroğlu, Səidə Qocaman, Səadət Bənənyarlı və digərlərinin ölkə başçısına təqdim etdiyi müraciətlər əsasında baş tutub. Ümumən vurğulanmalıdır ki, əfv üçün müraciətlər diqqətlə araşdırılıb və hər hansı ayrı-seçkilik edilmədən baxılıb. Ona görə də müxtəlif insanlar ölkə başçısının humanizmindən, mərhəmətindən faydalanır. Çünki dövlət başçısı üçün vətəndaşları əzizdir və siyasətinin mərkəzində vətəndaşlar dayanır. Vətəndaşlara hər zaman imkanlar yaradılır, qanunun aliliyinin təmin edilməsi istiqamətində qərarlar qəbul edilir ki, hər kəs bundan faydalansın. O cümlədən, məhkumlara ailələrinin yanında olmağa şərait yaradılır".

Ə.Nuriyev vurğulayıb ki, ölkədə hansısa problemlər varsa, bunlar ölkə daxilində həll olunmalıdır: "Ölkə xaricindən bu məsələlərin həlli üçün edilən təzyiqlər, təhdidlər əbəs yerədir. Çünki Azərbaycan suveren ölkədir və konstitusion platforma mövcuddur. Ölkənin seçilmiş prezidenti var. Bütün qərarlar, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar ölkə başçısının siyasi iradəsinin təntənəsinə xidmət edir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əliməmməd-Nuriyev   Əfv  





Xəbər lenti