Azərbaycanda bəzi şəxslərə efir qadağası qoyulacaq

  08 Aprel 2019    Oxunub : 3302
 Azərbaycanda bəzi şəxslərə efir qadağası qoyulacaq
"Kimlərinsə efirə çıxmasına qadağa qoyulması MTRŞ-nın səlahiyyətində olan məsələ deyil. Lakin televiziyalara baş vermiş hadisədən nəticə çıxararaq, efir məsuliyyətini hiss etməyən insanları dəvət edərkən ehtiyatlı olmaları tövsiyyə olunur"
Bunu Azvision.az -a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, əgər Şuranın belə səlahiyyəti olsaydı, qadağalar tətbiq edərdi.

“Tövsiyyə olunandır ki, əvvəlki dövrlərdə də belə hallara yol vermiş insanlar, son olaraq “Space” TV-nin efirində baş verən hadisənin iştirakçıları ilə bağlı kanallar bir qədər sərt addımlar atsınlar ki, həmin şəxslər öz səhvlərini başa düşsünlər, efir məsuliyyətini hiss etsinlər, tamaşaçıya etdikləri hörmətsizliyin əvəzini ödəmiş olsunlar. Digər şəxslərə də bir dərs olar ki, efirə çıxanda bunun məsuliyyətini dərk etmək lazımdır”.

MTRŞ-nın müraciəti əsasında yerli telekanallar efirdə özlərini apara bilməyən, ədəbsiz hərəkətlər edən şəxslərə qadağa tətbiq edəcək.

Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: MTRŞ