Tarixi dəyişən şəxsiyyət: Gerçək liderin portreti

  10 May 2019    Oxunub : 2698
 Tarixi dəyişən şəxsiyyət: Gerçək liderin portreti
Ulu öndər Heydər Əliyev müsahibələrinin birində belə fikir söyləmişdi: “Xalqa şəxsiyyətlər mütləq lazımdır. Şəxsiyyətlərsiz olmaz”. Bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu isə elə onun öz həyatı sübut etdi. O, öz həyatı ilə əyani şəkildə göstərdi ki, bir xalqın tarixində liderlərin yeri və rolu nədir.
Lider olmaq nə deməkdir? Sualın birmənalı cavabı yoxdur. Liderlik təkcə siyasi hadisə deyil, daha geniş və böyük anlayışdır. Lider ola bilmək üçün ilk növbədə şəxsiyyətin daxili gücü olmalıdır. Və o güc nə qədər çoxdursa, liderin miqyası da bir o qədər böyük olur. Heydər Əliyev isə çox böyük daxili gücü olan şəxsiyyət idi.

Amma özlüyündə şəxsiyyətin daxili gücü də hələ liderlik deyil. İnsanın lider kimi yetişməsi üçün onun daxili gücü və enerjisi intellektlə, siyasi bacarıqla, idarəçilik məharəti ilə, natiqliklə, qərar vermək qabiliyyəti ilə birləşməli, bunların hamısına güclü xarizma əlavə olunmalıdır.

Heydər Əliyevdə bunların hamısı var idi. O, yüksək xarizmaya malik elə bir unikal şəxsiyyət idi ki, kütlə onun daxili gücünü intuitiv hiss edirdi. Heydər Əliyev fitrətdən lider idi, elə bir təbiətə malik idi ki, insanlar instinktiv olaraq onun arxasınca getmək, onu başları üzərinə qaldırmaq istəyirlər. Şəxsiyyət olaraq güclü maqnetizmə malik idi.

Bu cür insanlar dünyaya çox az-az gəlir və mütləq tarixdə iz qoyurlar. Düzdür, Heydər Əliyev həyatı boyu öz üzərində işləmiş, özünü yetişdirmiş, böyük işlər üçün hazırlamış, nəticədə də o işləri görmüşdü. Amma bütün bu çalışqanlığın əsasında ilahidən gələn çox güclü fitrət də dayanırdı.

Fitri liderlik o deməkdir ki, Heydər Əliyev məsələn, siyasətlə yox, elmlə məşğul olsa, dünyanın ən böyük alimi; idmanı seçsə, adı tarixə düşən idmançı olacaqdı. Siyasəti seçdiyi üçün, yaxud, bəlkə də siyasət onu seçdiyi üçün ən böyük uğurlarını bu sahədə qazandı. Amma hansı işin qulpundan yaşasa, fitri liderliyi onu həmin sahənin nəhənginə çevirəcəkdi.

Siyasi liderlik insanda müxtəlif qabiliyyətlərin olmasını tələb edir: birincisi, xalqı duymalısan; ikincisi, xalq səni duymalıdır; üçüncüsü, ona rəhbərlik etməyi bacarmalısan; dördüncüsü, gələcəyi görməli və nəzərə almalısan; beşincisi, elə addımlar atmalısan ki, həm bu gün nəticə versin, həm də gələcəyi müəyyənləşdirsin... Bütün bunlardan sonra altıncı məqam gəlir: tarixi məsuliyyətini başa düşməlisən! Bu sonuncu pillə artıq milli liderlik məqamıdır, halbuki, çoxları heç birinci və ikinci pillələri adlaya bilmirlər.

Heydər Əliyevin həyatı liderliyin nə olduğunu ən mükəmməl politoloji nəzəriyyədən daha yaxşı anladır. Sanki onun həyatı politoloji nəzəriyyələri başa düşmək istəyənlər üçün bir əyani vəsaitdir. Çünki Ulu Öndər əsl, təbii lider idi. Bu mərtəbəyə süni yollarla, hansısa siyasi texnikalarla, PR ilə, təbliğatla qaldırılmamışdı. İndiki dünya liderlərinə baxın: əksəriyyəti medianın məhsuludur. Heydər Əliyev isə sözün əsl mənasında, klassik lider idi. O, kütlənin şüuruna mediadan da qabaq özünün xarizması, daxili gücü ilə təsir edirdi. Yəni cəmiyyətlə birbaşa təması vardı. Hər şeyin PR ilə, media müstəvisində həll olunduğu müasir dünyada bu cür liderlər getdikcə daha az yetişirlər.

Bu cür bir liderə sadəcə “tarixi şəxsiyyət” demək azdır. O, tarixi yönəldən, formalaşdıran, dəyişən şəxsiyyətdir. Bu cür insanlar tarix üçün çalışmaqdan öncə, tarixin özü onlar üçün çalışır. Onları yetişdirir. Yetişdirir ki, onlar da öz tarixi missiyalarını həyata keçirsinlər.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: Heydər-Əliyev   Milli-Lider