3 yaşlı Zəhranı qaçıran qadınla bağlı yeni faktlar

  3 yaşlı Zəhranı qaçıran qadınla bağlı    yeni faktlar
  07 İyun 2019    Oxunub:15479
Bakıda üç yaşlı Zəhra Bağırzadəni qaçıraraq dilənçiliyə məcbur edən qadınla bağlı yeni faktlar məlum olub.
Azvision.az xəbər verir ki, azyaşlı qız bu gün Nizami rayonu ərazisində tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib.

Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, Təzəgül Nəzərova valideynləri dünyasını dəyişəndən sonra Bakıya köçüb. O, Qızbəst adlı bacısı ilə birlikdə "Təzə bazar"ın yaxınlığında kirayədə yaşayıb.



Xadimə işlədiyini deyən Qızbəst bacısının əqli probleminin olduğunu iddia edir. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu gün öyrənib ki, bacısı azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanılıb.

"Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib", - deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var.

"Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisinin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir".

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Zəhra   Qadın  





Xəbər lenti