Qazaxıstanın sərhəd gözətçi gəmisi Bakıya gəlib - FOTOLAR

  21 İyun 2019    Oxunub : 1325
 Qazaxıstanın sərhəd gözətçi gəmisi Bakıya gəlib - FOTOLAR
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilən Tədbirlər Planına müvafiq olaraq nəzərdə tutulan əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, birgə əməkdaşlıq çərçivəsində cari ilin 19-21 iyun tarixlərində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Regional Sahil Mühafizəsinin İdarə rəisi polkovnik Alibek Kayupovun rəhbərlik etdiyi nümayəndə heyəti “Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycan Respublikasına dostluq səfəri edib.



Səfər zamanı tərəflər arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.



Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Qazaxıstan Sahil Mühafizələrinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, qarşılıqlı olaraq tərəflərin sərhəd gözətçi gəmilərinə ziyarət edilib.



Qonaqlar mədəni tədbirlər çərçivəsində Bakı şəhərinin mədəni-tarixi abidələri, “İçərişəhər”, “Qız Qalası”, “Atəşgah” və “ Qala” muzeyləri ilə tanış ediliblər. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.





Azvision.az



Teqlər: DSX