Azərbaycan rus turistlərin yolunu gözləyir

  27 İyun 2019    Oxunub : 1907
 Azərbaycan rus turistlərin yolunu gözləyir
Azərbaycan üçün Rusiya bazarı daim ən perspektivli və ən böyük bazar olub. Rusiyadan gələn turistlər hər zaman Azərbaycan üçün əhəmiyyətli olublar.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Glorian Zenqstşmid deyib. O bildirib ki, Gürcüstanda yaranan situasiyada Rusiya bazarını daha çox özümüzə çəkə bilərik.

"Bunun üçün müxtəlif təşviq kampaniyaları fikirləşirik. Burada əsas məhsullara arxalanırıq. Bunlar Bakı səfərləri, 2-3 gün keçirilən işgüzar görüşlər, konfranslar və şərab marşrutlarıdır. Əsas bu məhsullar üzərində kampaniyamızı quracağıq".

G. Zenqstşmid yay və ilin sonuna qədər rusiyalı turistlərin ölkəmizə gələcəyinə ümidvar olduğunu vurğulayıb. "Bir neçə dəfə sübut etmişik ki, Azərbaycan bir çox qonaqları kəmiyyət cəhətdən qəbul edə bilib. Bu, yalnız Azərbaycan və Gürcüstanla bağlı məsələ deyil. Rusiyalı turist Batumidə istirahət planlaşdırıbsa, bu, o demək deyil ki, o Gürcüstan əvəzinə Azərbaycana gələcək. Hazırda turizmdə beynəlxalq rəqabət var. O, Türkiyəni və ya regionda olan başqa ölkəni seçə bilər. Biz elə istiqamət qurmalıyıq ki, Gürcüstanda istirahətini planlaşdıran şəxslər başqa dövlətlərə yox, Azərbaycana gəlsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turist