Nazir Lyu Yoycoy ilə görüşüb

  06 İyul 2019    Oxunub : 649
Nazir Lyu Yoycoy ilə görüşüb
İyulun 6-da Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiyada iştirak edən Çin Xalq Respublikasının Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Əbülfəs Qarayev qonağı salamlayaraq Çinin təqdim etdiyi nominasiyanın Dünya İrsi Siyahısına salınması münasibəti ilə təbriklərini çatdırıb.

Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, mədəni irsimizin qorunması və dünyada təbliği barədə danışan nazir Azərbaycanın dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını vurğulayıb. O, həmçinin qonağa ölkəmizdə olduqları müddətdə muzeylərimizi, tarixi məkanları ziyarət etməyi tövsiyə edib.

Nazir Çin nümayəndə heyətinin UNESKO-nun bu mötəbər tədbirində fəal iştirakına görə təşəkkürünü bildirərək, iki ölkə arasındakı münasibətlərə toxunub. Qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Lyu Yoycoy Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Qeyd edib ki, növbəti sessiyanın Çində keçiriləcək və təşkilatçılıq baxımından Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün önəmlidir.

Söhbət zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Azərbaycan   Çin   Mədəniyyət