Məhbuslar “Volqa-Don” kanalının tikintisində - RETROKRİMİNAL

   Məhbuslar “Volqa-Don” kanalının tikintisində -    RETROKRİMİNAL
  30 İyul 2019    Oxunub:6114
Əliyev Cəbrayıl Abbasqulu oğlu 1931-ci il dekabrın 30-da Bakıda, Dağlı məhəlləsində anadan olub. 161 saylı məktəbdə oxuyub. "Mamlyuk Cəbrayıl” ləqəbilə məşhur olan bu adam çox ağır həyat yaşamışdı. Həbs olunarkən evlərində 7 qardaş idilər. Hazırda biri də sağ deyil. Sovet hökuməti bir tərəfdən çoxuşaqlı ailələrin böyük xanımına "Qəhrəman ana" ordeni verir, digər tərəfdən ailənin heç nə yox, gündəlik yavan çörək tələbatı qayğısına qalmayaraq “iri addımlarla ” sosializm quruculuğuna doğru "gedirdi"...
Cəbrayıl Əliyev danışanda adamın Soljenitsindən oxuduqları kölgədə qalır. O danışanda gözlərində iki iri yaş damcısı yaranır. Onlar heç vaxt yuvarlanıb yanaqlarındakı qırışlarda yox olmur, sürüşüb yerə də düşmür. Yaş damcılarını gözlər yenidən özünə çəkir. Yanğılı bəbəklər onları buxarlandırır...

“Mamlyuk” danışanda həmişə üzünü şaxtalı təbəssüm dumanı örtür, elə duman ki, tərkibindəki su damla-damla həmsöhbətinin də üzünə toxunur, onu da üşüdür...

- ... 1951-ci ilin yayında evə, anama iki min manat göndərdim. Son dəfə aldığım məktubda kiçik qardaşımın xəstələnərək dünyadan getdiyi haqda yazmışdılar. Bilirdim ki, vəziyyətləri çox çətindir. Qardaşım Valehi də tutmuşdular. Dostum, xanımın oğlu Şəmsi yazmışdı ki, Valeh kimi isə bıçaqlaıb. Son üç ayda barakdan bayıra çıxmır, işə getmirdim. “Polyak”lardan kim isə "stukaç"lıq eləmişdi deyə, növbəti etapda məni də o vaxtlar ittifaqın ən böyük "komsomol tikintisi" sayılan cəhənnəmə - “Belomor-Kanal”a gedənlərin cərgəsinə qoşdular.


Söhbətin birinci hissəsini BURADAN oxuya bilərsiniz.

...Beləliklə, srokumun yeddi aya yaxınını “Belomor-kanal”da keçirdim və bir gün “polyak”ların satqınlığından sonra bizi peresılkaya gətirdilər. Adətən buradan hara göndəriləcəyini bilmirsən. Amma bu dəfə bizə elan etdilər: "Volqa-Don"a gedirsiniz”. Etap olunanların əksəriyyəti oğrular idi. Biz "Cəhənnəm qapısının kandarı”ndan" uzaqlaşdırılaraq, nisbətən münbit torpağa atıldıq. Amma ilanın ağına da lənət, qarasına da.

Volqa-Don zonları da elə "Belomor-kanal" düşərgəsinin tayı idi. Yemək məsələsi burada şimaldakından daha çətindi. Hər səhər sıraya, kolonnalara düzərək, şruflarda işləməyə aparırdılar. Burada da "betoriomeşalka"lar, "şlüz"lər hər gün onlarla məhbusu əbədi qoynuna alırdı. Axşam yoxlamasında onlarla məhbus adı çəkilərkən hay vermirdi və səhəri gün həmin ad silinirdi siyahıdan.

Barakımızda üç min məhbus otururdu. İy-qoxudan baş çatlayırdı. Axşama kimi su keçirən kirzovıy çəkmələrdə islanmış, yaxud haradasa isti yerdə dayanmaqdan valenkanın içində tərləmiş portyankanın iyi, bir də duzlu balıqla yarıbişmiş 300-500 qram çörəyi yaxşı həzm etməyən mədə qıcqırtısından yaranan qaz... Adam girmək istəmirdi baraka. Altı mərtəbəli naraların yuxarı qatlarında yatanların güzəranı daha pis idi. Bayırda 30-40 dərəcə şaxta olanda belə, çoxları beş, altıncı mərtəbədə çılpaqlaşaraq yatırdı.

Çoxları heç olmazsa bir neçə gün cəhənnəm əzablı günlərdən canını qurtarmaq üçün duzlu su düzəldirdi. Duzlu suyu ardıcıl içərək böyrəklərini sıradan çıxarır, kiçik "nujda"ya gedə bilməyərək inək kimi böyürürdülər... Mükafat olaraq bir həftə, on gün xəstəxana çarpayısında uzanır, çoxdan görmədikləri ağ xalatlı tibb bacılarının necə gəlib, nə cür getdiklərinə tamaşa edirdilər.

Məhbusların elələri vardı ki, zəiflikdən naranın ikinci mərtəbəsinə qalxa bitmirdilər. Nəhayət, kim isə onun yanbızından tutub qaldıraraq uzanmağına kömək edirdi. Səhər növbətçi "Qalxın!” komandasından sonra həmin naraya yaxınlaşır, "Qalx, əclaf!",- qışqıraraq yanından ötür, tərpənmədiyini görüb, ayağından tutaraq dartırdı. Tarap-p-p! – ağac kimi quru, arıq, yüngül bədən ikinci mərtəbədən aşaraq, yerə dəyirdi. Yoxlayıcı nəzarətçi də yaxınlaşaraq bir təpik ilişdirir, “podox, podlo!" deyərək, bir qədər aralıdakı cəsədə doğru irəliləyirdi.

Hara baxırdın, sönük gözlərini üzünə zilləyərək, nə isə uman, həyata biganə sifətlərlə qarşılaşırdın. Bir də görürdün, yanında oturanlardan biri suyu daman çörəyi dişləmək üçün də çətinlik çəkir. Dişləyəndən sonra isə baxırsan ki, dişlərindən qan peyda oldu. Deməli, sinqa xəstəliyi var... Tərpənən dişləri, don vurub çürüyən damaqlan ilə gəmirirdilər, sorurdular çörəyi, duzlu balığı və onun sür-sümüyünü.

Bəziləri yanında otururdu... çıxarırdı valenkalarını, başlayırdı barmaqlarının arasını qaşımağa, bəziləri isə iri şam şişkalarlı ilə arası dolmuş ayaq barmaqlarının üstünü ovuşdururdu. Dərisi əlində qalırdı. O, ağlayır, sızlayır, özünü döyürdü... Belə zekləri, inanın ki, ölüm də qorxutmurdu.

Bəzilərini ölümqabağı ponos tuturdu. Bütün bədənini xırda, irinli yaralar basırdı. Həmin şəxs 100 faiz əmin idi ki, öləcək. Çünki onun gözləri qarşısında bu cür dünyasını dəyişənlər çox olurdu. Belələrinə heç kəs toxunmur, onları xəstəxanaya, tibb məntəqəsinə də götürmürdülər. Onlar hətta məhbəs yoldaşlarından da qaçırdılar, çünki özünü saxlaya bilmədiyi üçün maye onun paltarını, sapoq, yaxud valenkalarının içərisini doldururdu.

Belə xəstələrin çoxu daha tez ölmək, əzablarına daha tez son qoymaq üçün şaxtalı günlərdə valenkasının içinə su tökürdü. Bundan sonra qanqrena başlayırdı, ardınca çoxdan arzuladıqları Ölüm.

Altı ay saxlayıblar məni Volqa-Donda... Onun da iki ay yarımı - 75 sutkasını karserdə. İndi sizə söyləyim ki, orada məhbusları nəyə görə karserə salırdılar? Bunun bircə cavabı var: hər şeyə görə! Hansısa hərəkətinlə rəisin xoşuna gəlmədinsə, vaxtında durmadın, oturmadınsa, səni "dincəlməyə" göndərirdilər. "Otkaznik"ləri isə on beş günlük soxurdular karserə.

Karser necə idi? Soyuq, qaranlıq, rütubətli. Ən pisi isə o idi ki, ac saxlayırdılar səni. 300 qram çörək və duz. Bəli, duz! Səpirdin çörəyin üstünə, yeyirdin...
Həbsdə olduğu müddətdə məhbusların çoxu bədənlərinə nakolka döydürürdülər. Mənim də sağ çiynimdə “Aypara” tatusu var idi. Bir gün düşərgəmizin rəisi podpolkovnik Vəliyev gördü nakolkanı və it kimi hürməyə başladı:
– Bu nədir, sən türksən? – barmağını “Aypara”ya tuşlayaraq soruşdu.
– Mən azərbaycanlıyam! – dedim.
Nə qədər xahiş elədim, yalvardım, bir şey alınmadı, saldılar məni ŞİZO-ya. O vaxtlar karserə düşənlərin əksəriyyəti canını tapşırırdı. Çox vaxt yaddan çıxarıb heç 300 qram çörək də vermirdilər.
Bir təhər on beş günü başa vurdum. Sonra təzədən bir o qədər də əlavə etdilər, sonra bir də, bir də... bir də! Düz 75 gün karserdə oturdum. Son günlərimi az qalırdı canıma qəsd edəm, amma yenə "lənət sənə kor şeytan!" deyir, özünətəlqin ilə isinir, aclığımı dəf edirdim.

Oradan çıxanda gəzməyə halım qalmamışdı. İki gün oğrular qulluq elədilər mənə. Bədənim keyimişdi, ayaqlarım şişmişdi. Hələ indi də həmin günlərin ağrıları özünü büruzə verir, şişir ayaqlarım, dəhşətli giziltilər baş qaldırır baldırlarımda.

Düşərgədə Azərbaycandan da uşaqlar var idi. Digahlı Mirzə iki dəfə pay-püşlə görməyə gəlmişdi məni. Belə çətin anda mənim bir dəfə ona etdiyim yaxşılığın əvəzini verməyə çalışması qəlbimi kövrəltdi, ilk dəfə olaraq yumruqlarımı gözlərimə sıxaraq ağladım.
İki gün sonra eşitdim ki, iki nəfər barakımızdan qaçıb... Axtaran olmadı onları. 30-40 dərəcə şaxtada uzağa gedə bilməzdilər... Bir həftə sonra biri yenidən qayıtdı düşərgəyə. Hamı danışırdı ki, qayıdıb gələn qayıtmayanı elə meşədəcə baltalayıb öldürüb, sonra isə onun yeyilə bilən hissələri ilə qidalanaraq, yeddi gün yaşayıb. Lakin yoldaşını soruşanda əsl həqiqəti danırdı, bildirirdi ki, onunla elə ikinci gün ayrılıblar.

Volqa-Don kanalının çəkilişində əlimi ağdan-qaraya vurmamağa and içmişdim. 75 gün karserdə qalmağıma, üzülüb əldən düşməyimə fikir vermədən, podpolkovnik Vəliyev üç gün sonra əmr etmişdi ki, məni "betonomeşalka"nın yanına aparsınlar, axşamadək işləməyimə göz qoysunlar. Barakdan çıxanda dünən mağazadan alıb doyunca yediyim salanın qalığını çörəyin içinə doldurdum... İki dənə də karamel konfetim vardı, onu da cibimə qoydum. Elə yolda, sıra ilə gedəndə yaxınlaşdım növbə rəisinə, konfetləri çıxarıb ovucuna basdım. Gözləri işiqlandı. Dedim ki, hər həftə on manatın məndə, ayın axırında faizimi də 100-dən yuxan yazarsansa, əlli manat da həmin vaxt verəcəyəm. Az qaldı qucaqlayıb öpsün məni. Çünki "oğru"lar da əlli manat verirdilər. Oğru Çuma da vertuxaya tapşırdı məni, həm də tələb elədi ki, haradan olsa da, ikiqat qiymətinə bir baş sarımsaq tapıb gətirməlidir. 75 günlük karserdən sonra dişlərimin dibində zud, ağrı hiss edirdim.

İş yerinə gedib çatanda “oğru”lar yenə tonqal qalayıb ətrafında dövrə vuraraq oturdular. Mən də onların yanında özümə yer elədim. Bir azdan növbə rəisi qaynar çay krujkası ilə dəstəmizə yaxınlaşıb:
– Al, iç, zəifsən hələ, – dedi və göz vuraraq, geri döndü.
"Oğru" Kraçuk briqadirin ardınca qışqırdı kı, bir nəfər göndər, getsin bizə quru çay alsın... Briqadir "çest" verərək yoluna davam etdi. Əslində tonqalın yanında, "blatnoy"larla oturmaq barakda uzanmaqdan min pay yaxşı idi. Hiss edirdim ki, karserdə sıradan çıxmış ayaqlarım yavaş-yavaş canlanır, əvvəlki qəddinə düşmək ümidi ilə isti ocağa doğru uzanır...
Bir qədər sonra cavan bir komsomolçu qaçaraq tonqalımıza yaxınlaşdı:
– Briqadir göndərdi məni, – tövşüyərək dilləndi.
Hamı qəhqəhə çəkib güldü və Kraçuk:
– Yurka, sən də "göndər" onu, – deyərək, mənə göz vurdu, yəni pul verginən.
Komsomolçu bir qədər qorxu, bir qədər çaşqınlıq içində ayaqlarının birini götürüb, o birini qoyaraq gözləyirdi.
Onluqlarım sol döş cibimdə idi. Bir dəstə çıxarıb, əziyini seçdim, komsomolçuya uzatdım. Oğlan həsrət dolu nəzərlərlə pullara baxırdı.
– Bir qutu çay al, qalanı səninki olsun, – dedim.
– Sağ olun, mənə sizin bəxşişiniz lazım deyil!
– Bu, bəxşiş deyil, mükafatdır, – Kraçuk onun kürəyini döyəclədi.
Təxminən yarım saat sonra oğlan çayı gətirdi, bir torba da mak, xaşxaş səpilmiş bulkanı tonqalın yanında yerə qoyaraq:
– Nuş olsun! Sağlıqla yeyin, – deyib qayıtmaq istəyəndə qarşısında uzun tiyəli bıçaqla dayanmış Kraçuku görüb bir addım geri çəkildi.
–Nə üçün, qardaşlar? – titrək dodaqlarla, rəngi ağarmış halda pıçıldadı.
– Sənə dedilər ki, qalanı sənindir. Dedilər?
Komsomol bulka torbasını götürüb, gülə-gülə uzaqlaşdı.
– Təmiz oğlana oxşayır. Amma təəssüf ki, komsomolçudur, – deyən Kraçuk çifir bişirmək üçün çay qutusunun ağzını əlindəki bıçaqla açdı. – Yaxın müddətdə o da başa düşəcək ki, kim çox işləyirsə, bir o qədər tez ayaqlarını uzadır.

Bir həftə sonra işləməyən dəstəni daha ağır şəraitli zona etap elədilər. Mən də həmin kolonda sıraya durmuşdum. İrkutskdan şimala doğru aparılanda bizimlə vaqon-zakda gedən konvoylardan biri:
– AnqarLAQa gedirsiniz, – dedi.
– Orada Volqa-Dondan fərqlənən yaxşı bir şey var? – Sın Polka soruşdu.
– Yaxşı həşəratlar olur, dadlı, ləzzətli.
Elə həmin axşam tayqa ağcaqanadlarının nə demək olduğunu hiss etdik. Axşam yeməyinə isti balanda verilmişdi... Təzəcə yerimi rahatlayıb, qaşığımla miskada nə olduğunu yoxlamaq istəyirdim ki, qara bulud kimi bir dəstə xırda qarışqaya bənzər qanadlı həşərat xörək qabına doldu. Hamının balandası tullanmalı oldu. "Professor" isə heç nədən iyrənmədən onları balandaya qarışdırır, iştaha ilə yeyirdi. Bu hadisədən sonra bir dəfə də atdım xörəyimi, sonradan əlacsız qalaraq, "professor" kimi gözlərimi yumub, yeməyə girişdim. Fikirləşdim ki, əgər yeməsəm, aclıq məni yeyəcək.

Tayqanın ağcaqanadlarından danışmaqla qurtarmaz. Əynini altdan geyinib, üstdən qıfıllayırdın, üstdən geyinib, aşağıdan qıfıllanırdın, bir də hiss edirdin ki, düz kürəyinin ortasından dişləyib... Söykənirdim ağaca, qaşıyırdım, sürtürdüm, elə bilirdim ağcaqanad sancdığı yerdə fındıq boyda yumru əmələ gəlib... Elə qaşınırdı ki, qopartmaq, didmək istəyirdim həmin yeri. Xırda həşəratların - moşkaların işi daha zibil idi. Birdən sanki əlinə iynə batırırdılar. Hiss edirdin ki, dərinin içinə soxulur.

Hərdən konvoylar ayı vururdular. Alırdım onlardan ət parçalarının yaxşı yerindən, qızardırdıq, doyunca kabab yeyirdik. Oradakı işimiz şulfa çıxarmaq idi. Mən heç vaxt düşmürdüm şaxtaya, çünki bir neçə nəfərin başına ağır “qorşok" (qızılı ayırmaq üçün istifadə edilən cihaz) düşmüşdü, tapşırmışdılar canlarını.

Burada kart oyununun demək olar ki, bütün fırıldaqlarını öyrənmişdim. Bir gün yenə oyuna qoşuldum. Yaxşıca udmuşdum. Amma "oğru"lardan biri - "Vitka Çuma” uduzdu... İki şeydən birini seçməli idi – ya "soroçka smertnikov", ya da hamam. Pulu olmadığından "soroçka"ya ("Ha syedeniye komarov") getdi. Vaxt qurtaranadək bağladılar ağaca, özü də çılpaq... Yeddi saat sonra gəldik onu ağacdan açmağa. Bizi görən kimi başladı yalvarmağa ki, yaxın gəlməyin, yoxsa tox komarlar uçar, əvəzinə acları daraşar bədəninə...

Bəhram Çələbi
Azvision.az üçün



Teqlər:





Xəbər lenti