BNA-ya qarşı “qara piar” kampaniyası: “Onların arasında Xalq artisti də var”

  05 Oktyabr 2019    Oxunub : 1890
 BNA-ya qarşı “qara piar” kampaniyası: “Onların arasında Xalq artisti də var”
Küçə parklanma yerləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil-təslim olunsa da, onların idarə edilməsi hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilmir.

Bunu Azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, bunun obyektiv səbəbləri var: "Parklanma yerlərində göstərilən xidmətə görə qiymətlər müəyyənləşməlidir. Bununla bağlı hökümətə Agentlik tərəfindən təkliflər verilib və bu təkliflərə baxılır. Qiymətin əraziyə uyğun müəyyənləşdirilməsi, vaxta görə tənzimlənməsi və s. vacib məsələlər təkliflər paketində əksini tapıb. Parklanma yerlərindən istifadə Nazirlər Kabineti tərəfindən qiymətlər müəyyən olunana qədər pulsuzdur. Kimlərinsə ödəniş tələb etməsi, pul yığması qanunsuzdur. Kimlərdənsə talonun tələb edilməsi də yersizdir. Parklanma pulsuzdursa, niyə talon verilməlidir. Talonun verilməsi artıq onun qiymətlərlə razılaşdığını bildirir. Qiymətlər isə yoxdur”.

M.Ağayevin sözlərinə görə, bu gün dayanma və durma qaydalarını pozan və buna görə cərimə olunanlar sosial şəbəkələr və ya müxtəlif vasitələrdən istifadə edərək BNA-a qarşı xoşagəlməz qara piara başlayıblar.

“Bu, təəssüfedici məqamdır. Bu işdə bizim şou-biznes və sənətdə olan insanlar da var. Müxtəlif vaxtlarda sosial şəbəkələrdə Agentliyin fəaliyyətini kölgəyə alacaq fikirlər yazırlar, təhqirə belə yol açırlar. Söyüşlə, müxtəlif qeyri-etik ifadələr işlədərək Agentliyin fəaliyyətini ləkələməyə çalışırlar. Bunu edənlər üzdə olan insanlardır. Onlar fikirləri ilə çoxluğa təsir etmək imkanına malikdir. Həmin şəxslər öz məsuliyyətlərini dərk etməlidirlər”.

BNA rəsmisi əlavə edib ki, son 1-2 həftə ərzində təhqir xarakterli yazılar yazan şəxslərlə bağlı araşdırmalara başlanılıb və onların müxətlif qayda pozduqları məlum olub.

“Onların arasında xanımlar və Xalq artisti də var. Bu yaxınlarda xanım aparıcı tərəfindən ifadəsi mümkün olmayan fikirlər yazılmışdı, sonra da elə özü tərəfindən silindi. Şəxs bir ay ərzində 12 dəfə qayda pozub və buna haqq qazındırmağa çalışır. Xaricdə sənətçilər öz təşəbbüsləri ilə sosial çarxlar çəkir, sosial şəbəkələrdə paylaşırlar və insanları yol hərəkəti qaydalarına əməl etməyə çağırırlar. Bizimkilər isə qayda pozur, buna görə haqq qazandırır və onları cərimə edən quruma qarşı qara piar kampaniyası aparırlar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: BNA   Yol   Qayda