Aİ rəsmisi: “Azərbaycanla yeni saziş üzərində çalışırıq”

  11 Oktyabr 2019    Oxunub : 1975
 Aİ rəsmisi: “Azərbaycanla yeni saziş üzərində çalışırıq”
Azərbaycan ticarət və investisiya baxımından Avropa İttifaqının əsas tərəfdaşıdır.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr zamanı deyib.

O bildirib ki, əsas məqsəd insanların həyatına təsir etməkdir: "Biz görülən işlərlə buna nail olduğumuzu deyə bilərik. Son illər həyata keçirilən işlərə nəzər salanda görürük ki, bir çox nailiyyətlər əldə edilib. 2004 -2005 ci illərdə Aİ-nin son genişlənməsindən sonra anladıq ki, şərq qonşularımızın inkişafına və təhlükəsizliyinə kifayət qədər vəsait ayırmalıyıq. Yəni genişlənmə heç bir çəpər yaratmamalıdır".

V.Maraqos əlavə edib ki, Aİ-nin əsas tərəfdaşları arasında Azərbaycan da var: "Şərq tərəfdaşlığı qeyri-adi bir proqramdır. Bu formatda əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyirik. Azərbaycanla yeni saziş üzərində çalışırıq, bu bizim əməkdaşlığımızı və tərəfdaşlığımızı daha da gücləndirəcək. Biz minlərlə iş yerləri yaratmışıq. Azərbaycana gəldikdə, özəl sektora üstünlük verməklə 3 minə yaxın iş yeri yaratmışıq. Avropa İttifaqı Azərbaycanın ticarət və investisiya baxımından əsas tərəfdaşıdır".

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın Lənkəran şəhərində aqrar-sənaye sahəsində bir sıra layihələrin həyata keçirilməsinə 13 milyon dollar ayırıb. Layihələrin icrasına 2020-ci ildə başlanacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Avropa-İttifaql