Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT məruzəçisi

  11 Oktyabr 2019    Oxunub : 922
 Ermənilər Azərbaycana axan çayları çirkləndirir - BMT məruzəçisi
“Azərbaycanda bir çox fermerlər ağır su çatışmazlığı və ekoloji çirklənmə ilə üzləşirlər. Bu, xüsusilə Ermənistan ərazisindən sərhədi keçərək ölkəyə axan çaylarda müşahidə edilir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycana 11 günlük səfərinin yekunları ilə bağlı BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver bildirib.

O deyib ki, son 20 il ərzində yüksək iqtisadi artım və sosial sahədə həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan yüksək nəticələr göstərən yuxarı orta gəlirli ölkəyə çevrilib. Lakin, ölkə iqtisadiyyatını şaxələndirmək üçün səylər göstərməli və kiçik fermerlərə dəstək verməlidir.

Məruzəçinin sözlərinə görə, son iki il ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində ölkə təqdirəlayiq addımlar atıb, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul edib. Hazırda əsas məsələ, müvafiq vəsaitin ayrılmasını təmin edərək bu məqsədləri həyata keçirmək, habelə cəmiyyətin bütün təbəqələrinin bəhrələnəcəyi iqtisadi artıma nail olmaqdır.

Hilal Elveri qeyd edib ki, növbəti onillik həlledici əhəmiyyət kəsb edəcəkdir.

P.Sultanova
Azvision.az

Teqlər: BMT