“Əli Kərimli, sən onsuz da hər şeyini itirmisən” - Ziyafət Əsgərov

  22 Oktyabr 2019    Oxunub : 1517
 “Əli Kərimli, sən onsuz da hər şeyini itirmisən” - Ziyafət Əsgərov
“İnsanların xəyanət xronikasına baxdıqda, adamı dəhşət bürüyür. Yəni bu illər ərzində doğrudanmı bu insanlarda bir qramda olsun, inkişaf yoxdur? Nə mütaliə, nə dünyanı dərk etmək, nə dövlətçilik anlayışı var. Bu illər ərzində siz nə işlə məşğul olmusunuz? Azərbaycan kosmik dövlətdir, 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Azərbaycan Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını və digər humanitar-siyasi tədbirləri keçirib”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Milli Şuranın qanunsuz aksiyaya cəhdini pisləyən vitse-spiker xatırladıb ki, Azərbaycan oktyabrın 25 və 26-da Qoşulmama Hərəkatının zirvə görüşünü təşkil edəcək:

“Belə bir vaxtda lazım idi ki, siz metronun “28 may” stansiyasının yaxınlığında qarışıqlıq yaradasınız. Məqsədiniz nədir? Azərbaycan vətəndaşı öz dövlətinə və dövlətçiliyinə bu qədər asi kəsilə bilərmi? Bu nədən qaynaqlanır? Bu nifrət haradan gəlir, Siz Azərbaycan vətəndaşınız. Başa düşürəm, sifarişçiləriniz var. Sizə pullar verirlər ki, bu əməlləri törətməlisiniz. Axı Siz Azərbaycan vətəndaşısınız. Deməli, Azərbaycan nə qədər pisdirsə, bunlara o qədər yaxşıdır, şüarları budur. Azərbaycan bundan sonra da inkişaf edəcək, çox güclü inkişaf edəcək. İslahatlar ona gətirib çıxaracaq ki, ölkəmiz dünyanın ən sayılıb-seçilmiş dövlətlərindən biri olacaq. İndi də belədir. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Konstitusiyanın 49-cu maddəsinə çox istinad edirlər ki, sərbəst toplaşmaq azadlığımız var. Mən də bunu qəbul edirəm, hər bir Azərbaycan vətəndaşı təkbaşına və digərləri ilə birgə sakit toplaşa bilər. Amma burada şərtlər var. 1966-cı il 16 oktyabrda “Mülki və Siyasi Hüquqları haqqında” Pakt qəbul olunub. İnsan Hüquqları və əsas Azadlıqlar Haqqında” Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə qəbul edilib. Paktda qeyd olunub ki, sərbəst toplaşmaq azadlığı beynəlxalq pakt tərəfindən tanınır. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli və ictimai təhlükəsizlik mənafeləri üçün iğtişaşların və ya cinayətlərin qarşısının alınması, sağlamlığın və mənəviyyatın digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Soruşuram, Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Siz bunları bilmirsiniz? Çox yaxşı bilirsiniz! Qəsdən bu əməlləri törədirsiniz ki, Azərbaycanda iğtişaşlar olsun, ara qarışsın 1992-ci ildə etdiyiniz kimi. Deməli, bunlar bulanıq suda balıq tutmaq istəyirlər. Yeri gəlmişkən, 1990-cı illər yadıma düşdü, 1992-ci ildə “Mülki və siyasi hüquqlar haqqında” aktını prezident olan Əbülfəz Elçibəy Helnski şəhərində imzalayıb. Əli Kərimli, bunu sizin “sevgi” bəslədiyiniz, sonra xəyanət etdiyiniz Elçibəy imzalayıb. Dövlətə və dövlətçiliyə xəyanətiniz bu gün də davam edir. Bu aktı sizin iqtidarınız da qəbul edib ki, hansı hallarda hansı məhdudiyyətlər qoyula bilər”.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycan qanunvericiliyndə birbaşa göstəriş var ki, metrostansiyasının 200 metr yaxınlığında mitinq keçirmək olmaz:

“Bu ərazi metronun mühafizə zonası adlanır. Əgər niyyətin sağlamdırsa, mitinqi 10-15 kilometr kənardada keçirmək olar. Amma niyyət sağlam deyil axı. Əli Kərimli bir neçə gün əvvəl sosial şəbəkədə bəyanat verdi ki, nəyin bahasına olursa-olsun şəhərin mərkəzinə gəlin, qarşıdurma olmalıdır, hakimyyətin üzərinə getməliyik. Sən kimsən, hakimyyətin üzərinə gəlmək istəyirsən. Bir qrup adamın şıltaqlığına görə milyonlarla insanın hüquqlarını tapdalamalıyıq? Sənin hüququn varsa, mənim də hüququm var. Sənin toplaşmaq azadlığı hüququn var, mənim də istirahət etmək hüququm var. Dövlətimi müdafiə etmək hüququm var. Dövlətin hüquq mühafizə orqanları nə etməlidir? Avropadan səslər gəlir. Avropa İttifaqından, Avropa Şurasından deyirlər ki, məsələni araşdırın, məlumat verin. Əvvəla, bizimlə diqtə dilində danışmaq olmaz, gedin Londonda, İspaniyada, Berlində, Parisdə demokratiya adına olan biabırçılıqları araşdırın, sonra bizimlə söhbət edərsiniz. Biz yolumuzu özümüz könüllü seçmişik, hara getdiyimizi çox yaxşı bilirik, məsələləri də özümüz araşdırırıq, kimin günahı varsa, cəzasını alacaq, günahı olmayan azad olunacaq. Azərbaycan dövlətini, dövlətçiliyini, Prezident İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq. Ulu öndər Heydər Əliyev bu dövlətin fundamentini 12 ballıq zəlzələyə hesablayıb. Daha bu xülyalardan əl çəkin, 1990-cı illər getdi, vallah, getdi. Gənclərə yazığınız gəlsin. Buraxın, təhsillərini davam etdirsinlər, elmlə məşğul olsunlar, bəlkə, doğrudan da, yaxşı elm adamları olacaqlar. Niyə onların vaxtını alırsınız. Əli Kərimli, sən onsuz da hər şeyini itirmisən, keçmişin, bu günün, gələcəyin məhv olub, gənclərə yazığınız gəlsin”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis