Bu gündən şəxsiyyət vəsiqələri qeydiyyatdan asılı olmayaraq veriləcək

  01 Noyabr 2019    Oxunub : 2199
 Bu gündən şəxsiyyət vəsiqələri qeydiyyatdan asılı olmayaraq veriləcək
Bu gündən etibarən Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq ala biləcəklər.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Əmrə əsasən, ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabrın 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabrından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq, hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Ümumilikdə Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.

Azvision.az

Teqlər: ASAN   Şəxsiyyətvəsiqəsi