Yol polisindən jalüz və plyonka ilə bağlı daha bir açıqlama

  16 Noyabr 2019    Oxunub : 4050
 Yol polisindən jalüz və plyonka ilə bağlı daha bir açıqlama
Respublika ərazisində nəqliyyat vasitələrinin arxa və arxadakı yan şüşələrində jalüz və plyonkadan istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh tədbirləri görülmür.

Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, bu standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin olunması məsələsi hazırda aidiyyəti qurumlarda və orqanlarda baxılmaq ərəfəsindədir: "Bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində jalüzlərdən və plyonkalardan istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barədə hazırda inzibati tənbeh tədbirləri görülmür".



Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklərin (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyənləşdirilib. Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin “AZS 122-2004” saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün isə 70 faiz həddində müəyyən edilib. Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəyə icazə verilir. Avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən 150 manat məbləğində cərimələnməsi nəzərdə tutulub.

Azvision.az

Teqlər: Polis   Maşın   Cərimə