İlin ən səs-küylü hadisələri - TƏHLİL

İlin ən səs-küylü hadisələri - TƏHLİL
  17 Dekabr 2013    Oxunub:1453
Qara İlan ili ölkə üçün nə ilə yadda qaldı?

2013-cü il ilk günlərindən ölkə gündəmində siyasi proseslərin aktivliyi ilə yadda qaldı. Proseslərə hazırlıq hələ ötən ildən başlamışdı. Çünki başa vurmaq üzrə olduğumuz ilan ilində Azərbaycanı qarşıda ən böyük imtahan- prezident seçkiləri gözləyirdi.

Seçkilərə aylar qalsa da prezident olmaq iddiasına düşənlər namizədliklərini dilə gətirməyə başladılar. Müxalifət cəbhəsində Müsavat Partiyasının başqanı İsa Qəmbər tələm-tələsik ilin başlanğıcında namizəd olacağını bəyan etdi.

Tarixə düşən peykimiz



Fevral ayının və ilin ən səs-küylü hadisələrindən biri Azərbaycanın ilk peykinin orbitə buraxılması idi. Fevralın 7-dən 8-nə keçən gecə Bakı vaxtı ilə saat 2:20 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxıldı.

İlk peykimizin orbitə buraxılması ölkə üçün tarixi hadisə idi. Lakin hər kəsi düşündürən ən böyük məsələ oktyabrda keçiriləcək seçkilər idi.

Bu il də əvvəlki prezident seçkilərində olduğu kimi müxalifətin seçkidə iştirakı forması, vahid namizədlik məsələsi gündəmə gəldi. Bundan əlavə yeni müxalifət birlikləri yarandı. Martın 12-də politoloq Eldar Namazovun sədrlik etdiyi “EL”hərəkatı təsis olundu. Bu hərəkatın təşəbbüs qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Abdullayev daxil idilər.

Milli Məclisdən həbsxanaya



2013-cü ilin ən yaddaqalan hadisələrindən biri də keçmiş millət vəkili Gülər Əhmədova ilə ABU-nun sabiq rektoru Elşad Abdullayevin məşhur videosudur.

Məlum videodan sonra Gülər Əhmədovanın çərxi-fələyi döndü. Cinayət əməli ifşa olan G.Əhmədova ilk öncə Milli Məclisdəki deputat mandatından öz ərizəsi ilə imtina etdi. Daha sonra onun təsisçisi olduğu “Mərkəz” qəzetinin fəaliyyəti dayandırıldı. Hələ bu azmış kimi G.Əhmədovanı qarşıda ən böyük təhlükə- məhbəs həyatı gözləyirdi.
Bu ilin fevralında həbs edilən eks-deputat qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (əvvəlcədən vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə ittiham irəli sürüldü.

10 aydan sonra G.Əhmədova məkhəmə qarşısına çıxarılaraq Bakı Ağır Cinayətlər Məhkəməsində sorğu-sual edilərək məhkəmənin qərarı il 3 il azadlıqdan məhrum edildi.

Pərakəndə müxalifət və Milli Şura çardağı



Qeyd etdiyimiz kimi, müxalifətin birliyi məsələsi bu il gündəmdə olduğundan müxalifət partiyaları Demokratik Qüvvələrin Milli Şurası adı altında toplandılar. Şuranın yaradılması ilə bağlı qərar dəfələrlə geciksə də nəhayət iyunun 7-də bir çox hərəkatın, siyasi partiyaların və fərdi şəxslərin daxil olduğu Milli Şura elan edildi. Bu quruma sədrlik isə yazıçı, kino xadimi Rüstəm İbrahimbəyova həvalə olundu.

Bu isə özü ilə yeni məsələni gündəmə gətirdi. Belə ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürə bilməsi üçün Rusiya vətəndaşlığından imtina etməli idi. Çünki qanun başqa ölkə qarşısında öhdəliyi olan şəxslərin Azərbaycan prezidentliyinə iddialı olmağa icazə vermir. Lakin R.İbrahimbəyovun Rusiya vətəndşalığından çıxması məsələsi gecikdi. Artıq namziədliklərin irəli sürülməsi üçün qoyulan vaxt azaldığından Milli Şura tarixçi Cəmil Həsənlini vahid namizəd seçdi.

Milli Şuranın avqustun 24-də keçirilən sessiyasında Cəmil Həsənli 73 səs lehinə, 1 səs əleyhinə, 1 nəfər də bitərəf qalmaqla yeni vahid namizəd seçildi.

İlin ən yadda qalan hadisələrindən olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı bir sıra dəyişikliklərlə yadda oldu. Quurltay iyunun 7-də baş tutdu.

YAP-da yeni kadr dəyişikliyi, yeni sədr müavinləri



Qurultayda dövlət başçısı İlham Əliyev yenidən partiyanın sədri seçildi. “Buta” sarayında keçirilən qurultayda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, deputat, YAP icra katibi Əli Əhmədov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov partiya sədrinin müavinləri seçildilər.

Bu ilin daha bir qalamqallı həbsi isə Prezident Administrasiyasının (PA) Işlər İdarəsinin müdiri vəzifəsində çalışan Akif Muradverdiyevin həbsi idi. Belə ki, o, Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına qızıl pul sikkələrini aparmaq məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. İyunun 20-də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Dekabrın 13-də yekunlaşan məhkəmədə o, 4 il müddətinə azadlıqdan məhrum edildi.

Onlar prezident olmaq istəyirdi



Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyini irəli sürənlərin qeydə alınması işini başa çatdırdı. MSK 22 namizədin müraciətindən cəmi 10-nu qəbul etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Millət vəkili Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan prezidentliyinə namizəd olaraq seçki marafonuna qoşuldular.

Sentyabrın 16-dan oktyabrın 8-ə qədər namizədlər təbliğat-təşviqat kampaniyalarını təşkil edə bildilər. Və nəhayət ölkə taleyinin həll olunduğu seçki günü geridə qaldı. Oktyabrın 9-da baş tutan seçkilərdə isə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 84,55 faiz (3 126 612 səs) səslə üçüncü dəfə ölkə prezidenti seçildi.

İlham Əliyev 3-cü dəfə and içdi



Oktyabrın 19-u Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının (MSK) protokolu təsdiq olundu. Elə həmin gün ölkə başçısı İlham Əliyev Milli Məclisdə and içdi.

Seçkidən sonra yadda qalan əhəmiyyətli hadisələrindən biri də prezidentinimzaladığı əfv sərəncamıdır. Oktyabrın 14-ü İlham Əliyevin imza atdığı sərəncamla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev uzun illər həbsdən sonra azadlığa çıxdılar.
Noyabr ayında isə prezident İlham Əliyev ilk rəsmi səfərini etdi. O, noyabrın 11-13-ü tarixlərində Türkiyədə səfərdə oldu. Səfər nəticəsində Türkiyə ilə Azərbaycan arasında viza rejimi qismən aradan qaldırıldı. Belə ki, bundan sorna Türkiyədən gələn elm adamları, idmançılar, iş adamları və xüsusi hörmətli adamlar üçün viza tətbiq edilməyəcək.

Türkiyə səfərini başa vuran prezident noyabrın 19-da ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdü. Noyabrın 19-u baş tutan görüş Avstriya paytaxtı Vyanada baş tutdu. Prezidentlərin görüşündə Dağlıq qarabağ münaqişəsinin nizamlanması müzakirə olunsa da nəticədə ciddi irəliləyiş əldə olunmadı.

İlin son günlərində isə daha bir yaddqalan hadisə Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi oldu. Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell imzaladı. "Şahdəniz 2"-nin təsdiq edilməsi layihənin konsepsiyadan birbaşa reallaşdırılması mərhələsinə keçid deməkdir.

Bəs politoloq 2013-cü ili necə şərh edir? Bu il Azərbaycan üçün nə qədər uğurlu oldu?

Politoloq Qabil Hüseynli deyir ki, bu ilin Azərbaycana gətirdiyi uğurlar az deyil:

“Bu il İslam Olimpiyadasının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Bundan başqa birinci Avropa Olimpiyadasının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu il həm də Azərbaycan BMT TŞ-da müvəqqəti üzvlüyünü davam etdirib. İlin sonunda da Şahdəniz layihəsində dövlətlər arasıdna mühüm sənəd imzalandı.

İlan ilində Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bütün bunlar Azərbaycanın artan nüfuzuna və dünyanıən beynəlxalq qurumları tərəfindən ölməmizə olan marağa işarədir”.

Seçkilərə gəlincə isə siyasi ekspert prosesin normal keçdiyini bildirib.
“Seçkinin nəticələri dünyanın beynəlxalq qurumları tərəfindən qəbul edildi. Seçkilərin ədalətli və şöffaf keçirilməsi haqqında tanınmış qurumlar rəy verdilər. Seçkidən sonra isə İlham Əliyev əfv sərəncamı imzaladı, ermənistanlı həmkarı ilə görüşdü, Türkiyəyə səfər etdi. Bunlar arasında ən mühümü odur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar yenidən canlandı. Danışıqlar prosesi ölü nöqtəsindən tərpəndi. Yəqin ki, bu dəfə bir daha dalana dirənməyəcək.
Hələ irəliyə addım atılmasa da danışıqlar prosesinin yenilənməsi və prezidentlərin görüşündən siyasi iradə nümayişi irəliləyişdir”.



Bütün bunlarla yanaşı yadda qalan ən mühüm hadisələrdən biri ölkə başçısının həyata keçirdiyi kadr dəyişikləri idi. İlham Əliyev bir sıra önəmli postlarda dəyişiklik etməli oldu. Belə ki, hələ seçkidən əvvəl Misir Mərdanov nazir postundan azad edilməsi ilə əsası qoyulan nazir dəyişməsi seçkidən sonra daha iki nazirindən də yan keçmədi. Müdafiə Naziri Səfər Əbiyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov prezidentin yeni komandasından kənarda qaldılar. Zakir Həsənov və Səlim Müslümov isə daha yüksək vəzifələrə, biri müdafiə naziri, digəri isə ƏƏSM-a nazir təyin oldundu.

Onu da qeyd edək ki, ilin ən yaddaqalan hadisələrindən biri də keçmiş deputat Hüseyn Abdullayevə və fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevə qarşı cianyət işinin açılması oldu. Bu il onlar həmçinin beynəlxalq axtarışa verildi.

Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti