Şeyx, nazir və komitə sədri konfransa qatıldı - FOTO

  18 Dekabr 2019    Oxunub : 1961
Şeyx, nazir və komitə sədri konfransa qatıldı - FOTO
Bu gün Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Mədəniyyət naziri Əbülfəs Qarayev, DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələr, eləcə də bu sahədə qarşıda duran məsələlər müzakirə edib.



Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə, Bakı Mədəniyyətlərarası forumu ötən 10 ildə elə bir nüfuz qazanıb ki, artıq nə beynəlxalq təşkilatlar, nə də hər hansı bir dövlət bu nüfuzu şübhə altına sala bilər:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində 13 qeyri-maddi mədəniyyət irsi və 3 mədəni irsimiz UNESCO-nun siyahısına daxil edilib. Azərbaycan dünyada təkcə neft ölkə deyil, mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir”.

Mübariz Qurbanlı isə bildirib ki, bu tədbir Prezident İlham Əliyevin Mədəniyyətlərarası və Sivilzasiyalararası münasibətlərlə bağlı həyata keçirilən siyasətə həsr olunub: "Azərbaycan ayrı-ayrı sivilzasiyaların, mədəniyyətlərin qovşağında yerləşən bir ölkədir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər, sivilizasiyalararası münasibətlər məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çox saylı tədbirlər keçirilib. Azərbaycan Bakı prosesinin həyata keçirilməsində rol oynayan ölkədir. Eyni zamanda mədəniyyətlərarası dialoq məsələsində Heydər Əliyev Fondu birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda çoxsaylı tədbirlərə imza atıb".



M.Qurbanlı vurğulayıb ki, bugünkü dünyamızda mədəniyyətlərarası, sivizasiyalararası münasibətlərin daha da gücləndirilməsi çox vacibdir: "Çünki müasir dünyamızı təhdid edən bir sıra məsələlər var ki, bunların həll edilməsində dialoqun gücləndirilməsi vacib elementlərdən biri sayılır. Qafqaz Müsəlmanları İdarəsinin xətti, həm Dini Komitənin və müxtəlif nümayəndələrin iştirakı ilə bu sahədə bir çox tədbirlər həyata keçirilib. Dini Liderlərin Birinci Sammiti, bu yaxınlarda isə Dini Liderlərin İkinci sammiti keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bütövlükdə bu tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DİN   Komitə   QMİ