Məmmədyarov girovlardan danışdı: “Təkliflə çıxış etmişik”

  30 Dekabr 2019    Oxunub : 1609
Məmmədyarov girovlardan danışdı: “Təkliflə çıxış etmişik”
Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yerli mətbuata müsahibəsində deyib.

Nazir vurğulayıb ki, Ermənistan tərəfi mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir.

“Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!

Bilirsiniz, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib”, - deyə nazir əlavə edib.

XİN rəhbəri qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir: "Ümid edirik ki, məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Məmmədyarov   Girov